"Eyni millət, amma ayrı dövlətlərik, belə olmaz" - Deputatdan AÇIQLAMA
Son dövrlər Azərbaycan-Türkiyə münasibətləri fonunda qarşılıqlı hörmət, daxili işlərə müdaxilə və dünyəvi təhsil sistemi ətrafında müzakirələr diqqət çəkir.
İki ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin qorunması, eyni zamanda dövlətlərin suverenliyinə hörmət edilməsi məsələsi yenidən aktuallaşıb.
Deputat Elman Nəsirov Sfera.az-a açıqlamasında qeyd edib ki, bugünkü dünyamızda dövlətlər arasında bir etibarsızlıq mühiti hökm sürməkdədir və bunun nəticəsində, dövlətlər arası münasibətlər necə olmalıdır sualına cavab axtarsaq, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı bu suala bir nümunədir:
“Bu dostluq və qardaşlıq əsrlərin sınağından çıxmış bir münasibətdir. Biz strateji, hərbi müttəfiqlərik və belə olduğu halda münasibətlərimizdə hər hansı bir siyasi kataklizmlərin və qarşıdurma mühitinin formalaşması istisnadır. Amma təəssüf ki, Türkiyə cəmiyyətində müəyyən siyasi qruplaşmalar cəhd edirlər ki, bu dostluğa və qardaşlığa kölgə salsınlar”.
Deputat Azərbaycanın dünyəvi təhsil sisteminə müdaxilə cəhdlərinə də fikir bildirib:
“Ölkəmizdə dünyəvi təhsil sisteminə müdaxilə cəhdləri bu gün də baş verməkdədir. Təəssüf doğuran odur ki, bəzi yüksək dövlət postunda olan şəxslər də bu prosesə qatılır və iştiraklı münasibətlərimizin ruhuna uyğun gəlməyən bir davranış ortaya qoyulur. Bunlar şübhəsiz ki, qəbul edilməzdir. Biz ümummilli Heydər Əliyevin sözləri ilə desək, "bir millət, iki dövlətik".
Amma unutmaq olmaz ki, biz həm də ayrıca iki dövlətik və bir-birimizlə hörmətlə yanaşmalıyıq – daxili işə qarışmaq olmaz”.
E.Nəsirov təəssüf hissini bu fikirlərlə ifadə edib:
“Son günlər daxili işlərimizə müdaxilə cəhdləri var və bu təəccüb, təəssüf doğurur. Bununla bağlı Yeni Azərbaycan Partiyası bəyanat yayıb və öz etirazını ifadə edib. Azərbaycan parlamentində Türkiyə ilə dostluq qrupu mövcuddur. O da artıq məlumdur ki, Türkiyənin müəyyən siyasi dairələri Azərbaycanla münasibətdə öz qərəzli mövqeyini ortaya qoyub. Lakin bizim dostluğumuz və qardaşlığımız o qədər güclüdür ki, belə hallar epizodik xarakter daşıyacaq və kimlər ki, iki dövlətin arasına girmək istəyir, o bu dövlətlərin arasında da sıxılıb siyasi səhnəni tərk edəcək. Biz buna ümid bəsləyirik”.
Parlamentari sonda vurğulayıb ki, belə halların qarşısının alınması və iki dövlət arasında mövcud olan etimadın qorunması münasibətlərin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Fatimə Ələkbər
Sfera.az






