AKP-li hicablı qadının 2,2 milyardlıq KORRUPSİYA OLAYI
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) keçmiş sədr müavini, sabiq nazir Fatma Betül Sayan Kaya və həyat yoldaşı İlyas Kaya ilə bağlı milyardlarla lirəlik maliyyə əməliyyatları Türkiyə mətbuatında geniş müzakirələrə səbəb olub.
Hicablı siyasətçi kimi tanınan Kayanın adının bu qalmaqalda hallanması da diqqət çəkən məqamlardandır.

Sfera.az Türkiyə mediasında yayımlanan məlumatlara istinadən xəbər verir ki, müzakirələrin mərkəzində cütlüyün “Özata Denizcilik” şirkətinin səhmləri ilə bağlı əməliyyatlarından əldə etdiyi iddia olunan təxminən 2,2 milyard türk lirəsi dayanıb. Belə ki, Kaya və həyat yoldaşı aprel ayında səhmlərə ümumilikdə 163 milyon 46 min lirə yatırıb, sonrakı aylarda satış əməliyyatları nəticəsində təxminən 2,17 milyard lirə əldə ediblər.
Bu əməliyyatlar Türkiyədə investisiya fondları ətrafında yaranan qalmaqal fonunda gündəmə gəlib. Hətta xarici medialarda belə bu məsələ gündəmə gəlib. Belə ki,“Reuters” agentliyinin məlumatına əsasən, Fatma Betül Sayan Kaya və həyat yoldaşı maliyyə qalmaqalı ilə bağlı aparılan araşdırma çərçivəsində şübhəli statusunda olublar. Sabiq nazir sentyabr ayında AKP-də tutduğu vəzifələrdən istefa verib. Oktyabrın 8-də isə “DW Türkçe” onların istintaq çərçivəsində ifadə verdiklərini yazıb. Türkiyə mətbuatında yayılan məlumatlara görə, məsələ təkcə səhmlərin alqı-satqısı ilə məhdudlaşmır.

Əməliyyatların vaxtı, əldə olunan gəlirin mənbəyi və sonrakı pul hərəkətləri də araşdırılır. Oktyabrın 10-da “Cumhuriyet” qəzeti Kapital Bazarları Şurasının (SPK) Kaya və həyat yoldaşı ilə bağlı yoxlama hesabatını tamamlayaraq prokurorluğa göndərdiyini yazıb. Cütlüyün əməliyyatlarından əldə etdiyi gəliri geri qaytarması ilə bağlı da müxtəlif məlumatlar yayılıb. Bəzi nəşrlər ödəniş edildiyini, digərləri isə məbləğin qaytarılması məsələsinin mübahisəli olduğunu bildiriblər.
“DW Türkçe”nin oktyabrın 8-də yaydığı məlumata görə, Kaya və həyat yoldaşı ifadələrində səhm əməliyyatları zamanı hər hansı yönləndirmənin və ya onlara əvvəlcədən verilmiş xüsusi məlumatın olmadığını bildiriblər. İstintaqın nəticəsi barədə isə yekun hüquqi qiymət gözlənilir. Fatma Betül Sayan Kaya ətrafında yaranan qalmaqal Azərbaycanda hicab məsələsi ilə bağlı Türkiyədən səslənən açıqlamaların müzakirə olunduğu bir vaxta təsadüf edib. Son günlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri Oktay Saral və AKP-dən olan bəzi deputatlar Azərbaycandakı məktəbli geyim qaydalarını tənqid ediblər.

Oktyabrın 13-də Yeni Azərbaycan Partiyası bu açıqlamalara münasibət bildirərək Türkiyədəki hakim partiyanın nümayəndələrini Azərbaycanın suverenliyinə, konstitusion quruluşuna və daxili işlərinə hörmət etməyə çağırıb. Partiya hicab kimi həssas mövzuların siyasi manipulyasiya və cəmiyyətdə qarşıdurma yaratmaq vasitəsinə çevrilməsini yolverilməz hesab edib.
Məhz belə bir fonda Türkiyədə hicablı siyasətçinin adının milyardlarla lirəlik maliyyə qalmaqalında hallanması diqqət çəkir.
İctimai müzakirələrdə dini kimliyin siyasi üstünlük və ya mənəvi nüfuz vasitəsi kimi təqdim edilməsi ilə konkret şəxslərin fəaliyyətinə verilən hüquqi qiymət arasındakı fərq də ön plana çıxır.
Hicablı olmaq insanın maliyyə və siyasi fəaliyyətinin avtomatik olaraq düzgün olması demək deyil. Eyni zamanda, konkret şəxsə yönələn iddialar da yalnız dini geyiminə və siyasi mənsubiyyətinə görə sübut olunmuş cinayət sayıla bilməz. Əsas meyar qanun qarşısında bərabərlik və bütün iddiaların obyektiv araşdırılmasıdır.
Bəsti Rəfizadə






