Zelenskidən mühüm açıqlama
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin qış mövsümünə hazırlıq səviyyəsini tənqid edərək paytaxtın bu istiqamətdə ölkənin digər regionlarından geri qaldığını bildirib. O, dayanıqlılıq planlarının icrasının sürətləndirilməsini tələb edib.
Sfera.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.
“Kiyevin hər bir sakini bunu görür. Şəhər qışa həqiqətən də hazır deyil”, – Ukrayna lideri bildirib.
Onun sözlərinə görə, paytaxtda vəziyyət Rusiyanın genişmiqyaslı müharibəyə başlamasından sonra yaşanan əvvəlki qış mövsümləri ilə müqayisədə daha pisdir. Rusiyanın “Şahed” tipli dronlarının ayrı-ayrı hücumları belə şəhərdə elektrik və su təchizatında fasilələrə səbəb olur.
Zelenski vurğulayıb ki, sığınacaqların və məktəblərin tikintisi, müdafiə qurğularının inşası, nəqliyyatın fəaliyyəti, eləcə də binaların qışa hazırlanması baxımından Kiyev ölkənin digər regionlarından geri qalır.
“Bu problemlərin həlli və işlərin daha sürətlə aparılması tələb olunur”, – prezident qeyd edib.
Zelenski bildirib ki, Kiyevin qışa hazırlıq vəziyyətini şəhər rəsmiləri ilə müzakirə edib. Onun sözlərinə görə, bəzi regionlar daha çətin şəraitdə olsalar da, hazırlıq işlərini səmərəli təşkil ediblər./globalinfo






