“Anamın kitabı” və Azərbaycançılığın FƏLSƏFƏSİ

“Anamın kitabı” və Azərbaycançılığın FƏLSƏFƏSİ
Kateqoriya məlum deyil
T

Milli ideologiyanın gücü onun cəmiyyət tərəfindən nə dərəcədə dərk edilməsindədir.

Bəzən bu günün suallarına cavab tapmaq üçün tarixə qayıtmaq, klassik ədəbiyyatımızı yenidən oxumaq kifayət edir. Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri mənim üçün məhz belə əsərlərdəndir.

Universitet illərində tələbə teatr studiyasında bu əsərdə Mirzə Məhəmmədəli obrazını canlandırmışam. İllər keçdikcə əsərin azərbaycançılıq və dövlətçilik təfəkkürü baxımından əhəmiyyətini daha dərindən dərk etmişəm.

Əsərdə üç qardaşın fərqli dünyagörüşləri, düşüncələri və seçimləri bir ailənin daxilində yaranan fikir ayrılıqlarını göstərir. Ananın arzusu isə övladlarının ortaq bağlarını qoruması, bir ailənin üzvləri olduqlarını unutmamasıdır.

Mən bu ailənin timsalında Azərbaycanı, qardaşların münasibətlərində isə cəmiyyətimiz üçün mühüm bir sualı görürəm: fərqli düşüncələrimizi ortaq məqsəd ətrafında birləşdirə bilirikmi?

Fərqli düşüncələr insanın inkişafının təbii nəticəsidir. İnsan oxuduqca, öyrəndikcə, başqa mədəniyyətlərlə tanış olduqca dünyagörüşü genişlənir. Əsas məsələ mənimsədiyimiz fikirlərin mahiyyətini anlamaq, onların hansı məqsədə xidmət etdiyini və hansı nəticələr doğura biləcəyini dəyərləndirməkdir. Çünki bəzən insan mahiyyətini dərindən anlamadığı bir fikrin müdafiəçisinə çevrilir. Düşüncə müstəqilliyi isə hər bir ideyanı öz ağlı, təcrübəsi və dəyərləri süzgəcindən keçirməklə başlayır.

Milli ideologiyanın mahiyyəti

Milli ideologiya xalqın tarixini, dilini, mədəniyyətini, mənəvi dəyərlərini və dövlətçilik düşüncəsini birləşdirən məfkurədir. Onun gücü yalnız təbliğ olunmasında deyil, insanların düşüncəsinə, seçimlərinə və davranışlarına təsir göstərməsindədir. Bu baxımdan, milli ideologiyanın inkişafı tarixi yaddaş, dərin bilik, sistemli yanaşma və məsuliyyət tələb edir. Keçirilən tədbirlər, hazırlanan materiallar və ictimaiyyətə çatdırılan mesajlar mühüm vasitələrdir. Lakin əsas nəticə insanların təqdim olunan fikirləri nə dərəcədə anlaması və onları öz düşüncəsindən keçirərək mənimsəməsi ilə ölçülür.

İdeoloji fəaliyyətin səmərəsi məqsədin aydınlığı, məzmunun əsaslandırılması və təqdimatın cəmiyyətin xüsusiyyətlərinə uyğunluğu ilə bağlıdır. Bu zaman fikrin mümkün ictimai təsirlərini də nəzərə almaq vacibdir. Çünki düzgün məqsədə xidmət edən ideya belə, qeyri-dəqiq və ya yanlış təqdimat nəticəsində gözlənilən təsiri yaratmaya bilər. Buna görə də peşəkarlıq, təhlil və məsuliyyət milli ideoloji fəaliyyətin mühüm meyarlarıdır.

Milli ideologiyanın əsas məqsədi insanlara hazır fikirlər təqdim etməklə kifayətlənmək deyil, onların öz tarixini, milli maraqlarını və gələcək qarşısında məsuliyyətini daha dərindən dərk etməsinə kömək etməkdir.

Heydər Əliyev irsi və dövlətçilik ənənələrinin davamlılığı

Azərbaycançılıq məfkurəsinin müasir dövlətçilik düşüncəmizdəki yerindən danışarkən Ulu Öndər Heydər Əliyevin tarixi rolunu xüsusi qeyd etmək lazımdır. Onun müəyyənləşdirdiyi azərbaycançılıq xətti milli kimliyimizi, tarixi yaddaşımızı və dövlət müstəqilliyimizi vahid məfkurə ətrafında birləşdirən əsaslardan birinə çevrilib.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə bu dövlətçilik xətti davam etdirilir, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, milli maraqlarının qorunması və ölkənin inkişafı istiqamətində yeni məzmunla zənginləşdirilir. Bu davamlılıq milli məqsədlərin qorunması ilə yanaşı, onların müasir dövrün çağırışları və gələcək hədəfləri ilə uzlaşdırılması baxımından da əhəmiyyətlidir.

Burada “Anamın kitabı” əsərinin ideyası ilə mühüm bir əlaqə yaranır: milli kimliyi qorumaq, ortaq məqsədi dərk etmək və fərqli düşüncələri dövlətçilik məsuliyyəti ilə uzlaşdırmaq. Çünki milli bütövlük yalnız keçmişə bağlılıqla deyil, tarixi irsi bu günün və gələcəyin məsuliyyəti ilə əlaqələndirməklə möhkəmlənir.

Azərbaycançılıq öz yolunu dərk etməkdir

Azərbaycançılıq mənim üçün insanın özünü Azərbaycan xalqının və dövlətinin gələcəyi ilə bağlı şəkildə dərk etməsidir. Bu məfkurənin mərkəzində dövlət müstəqilliyimiz, dilimiz, milli-mənəvi irsimiz, hüquqi dəyərlərimiz və cəmiyyətimizin rifahı dayanır. Başqa ölkələrin təcrübəsini öyrənmək, fərqli mədəniyyətlərdən bəhrələnmək və yeni ideyalara açıq olmaq inkişaf üçün vacibdir. Əsas məsələ bütün bunları öz milli maraqlarımız, tarixi təcrübəmiz və gələcək hədəflərimiz baxımından qiymətləndirməkdir. Öz yolunu tanıyan cəmiyyət dünyadakı yeniliklərdən daha səmərəli faydalanır və inkişaf istiqamətini daha aydın müəyyənləşdirir. Müasir informasiya mühitində bu yanaşma xüsusi əhəmiyyət daşıyır. Müxtəlif məlumatların və ideyaların sürətlə yayıldığı şəraitdə insanın onları təhlil etmək, mənbəyini və mahiyyətini anlamaq, əsaslandırılmış mövqe formalaşdırmaq bacarığı milli ideoloji dayanıqlılığın mühüm şərtidir. Burada məqsəd dünyadan gələn hər bir təsirə şübhə ilə yanaşmaq deyil, faydalı təcrübədən bəhrələnərkən öz kimliyini və milli maraqlarını aydın dərk etməkdir.

Düşüncə müstəqilliyi, milli ideoloji dayanıqlılıq və milli təhlükəsizlik bir-biri ilə əlaqəli anlayışlardır. Öz mövqeyini əsaslandıra bilən, məlumatları təhlil edən və milli maraqları dərk edən cəmiyyət müxtəlif təsirləri daha düzgün qiymətləndirmək imkanına malik olur. Bu isə dövlətçilik təfəkkürünün möhkəmlənməsinə xidmət edir.

Bir ailənin mənafeyi, bir dövlətin gələcəyi

Azərbaycan müxtəlif dünyagörüşlərinə, biliklərə və təcrübələrə malik insanların yaşadığı ümumi vətəndir. Cəmiyyətin gücü hamının eyni düşünməsində deyil, fərqli baxışlara malik insanların ortaq dövlət və cəmiyyət maraqlarını dərk edə bilməsindədir. Milli birlik fərqliliklərin aradan qaldırılması demək deyil. Əsas məsələ fərqli düşüncələrə hörmətlə yanaşmaqla yanaşı, dövlətimizin müstəqilliyini, xalqımızın bütövlüyünü və ölkəmizin gələcəyini ümumi məsuliyyətimiz kimi qəbul etməkdir.

Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri yazılmasından bir əsrdən artıq vaxt keçməsinə baxmayaraq, bu gün də bizi düşündürür: mənimsədiyimiz fikirlərin mahiyyətini nə dərəcədə anlayırıq? Fərqli mövqelərimizi ortaq məqsədlərlə necə uzlaşdırırıq? Düşüncələrimiz və seçimlərimiz Azərbaycanın gələcəyinə nə verir?

Mənim qənaətimcə, bu əsər milli özünüdərk, ideoloji maarifləndirmə və dövlətçilik təfəkkürü baxımından yenidən araşdırılmağa layiqdir. Çünki dövlətçilik yalnız siyasi və institusional anlayış deyil; o, insanın düşüncəsində, seçimlərində, davranışında və cəmiyyət qarşısında məsuliyyətində də formalaşır.

Biz dünyadan öyrənə, müxtəlif mədəniyyətlərdən bəhrələnə və yeni ideyaları araşdıra bilərik. Əsas məsələ kim olduğumuzu, hansı dövlətin gələcəyi üçün məsuliyyət daşıdığımızı və hansı milli məqsədlərə xidmət etdiyimizi unutmamaqdır.

Mənim üçün azərbaycançılıq məhz bu özünüdərkdir. “Anamın kitabı” isə həmin düşüncənin əhəmiyyətini xatırladan, hər dəfə yenidən oxunduqca yeni mənalar açan əsərdir.

Bizim qoruyacağımız dövlət Azərbaycandır. Dərk etməli olduğumuz məfkurə azərbaycançılıqdır. Gələcək nəsillərə ötürməli olduğumuz dəyərlərdən biri isə Azərbaycanın müstəqilliyinə, xalqımızın bütövlüyünə və ölkəmizin inkişafına xidmət edən dövlətçilik təfəkkürüdür.

Araz Əsgərli

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR