Azərbaycan və BƏƏ hərbi təlimi hansı mesajı ötürür? - AÇIQLAMA

Azərbaycan və BƏƏ hərbi təlimi hansı mesajı ötürür? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin hərbi hava qüvvələrinin və hava hücumundan müdafiə vasitələrinin iştirakı ilə “Şahinlərin görüşü – 2026” birgə taktiki uçuş təliminin açılış mərasimi keçirilib.

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin birgə aviasiya təlimləri regionda hərbi əməkdaşlığın gücləndirilməsi baxımından diqqət çəkir. Bu təlim iki ölkənin döyüş hazırlığını artırmaqla yanaşı, Azərbaycanın Vətən müharibəsində qazandığı hərbi təcrübənin beynəlxalq səviyyədə əhəmiyyətini də gündəmə gətirir.

Bəs Azərbaycan və BƏƏ-nin birgə aviasiya təlimləri regionda hansı təhlükəsizlik mesajını verir?

Səhiyyə Nazirliyinin "İctimai Səhiyyə və İslahatlar Mərkəzi" Publik Hüquqi Şəxsin mülki müdafiə qərargahının rəisi, ehtiyatda olan zabit, hərbi ekspert Ədalət Verdiyev Sfera.az-a açıqlamasında bildirib ki, “Şahinlərin görüşü – 2026” birgə taktiki uçuş təlimi həm Azərbaycan, həm də Birləşmiş Ərəb Əmirliklərinin hərbi hava qüvvələrinin potensialının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir:

“Bu təlimlərdə kifayət qədər çoxsaylı hədəflər təyin edilib. Hər iki ölkənin hərbi hava qüvvələrinin heyəti müştərək uçuşlar yerinə yetirəcək. Pilotlar havada uzlaşma və koordinasiyalı şəkildə ortaq vəzifə icra edəcəklər. Təlimdə qarşılıqlı təcrübə mübadiləsi həyata keçiriləcək. Regional təhdidlərə qarşı birgə mübarizə üsulları tətbiq ediləcək”.

Ekpertin sözlərinə görə, təlimlərin gecə və gündüz həyata keçirilməsi nəzərdə tutulur. O, qeyd edib ki, məhdud görmə şəraitində pilotların yerüstü hədəflərə qarşı imkanları yoxlanılacaq:

“Eyni zamanda hərbi hava qüvvələrinin fəaliyyətləri hava hücumundan müdafiə qoşunları tərəfindən aşkar olunacaq, izləniləcək, hədəfə götürüləcək. Qərargahlar isə ortaq vəzifələr, planlaşdırma, qarşılıqlı əlaqənin yaradılması kimi məsələləri həll edəcəklər”.

Ə.Verdiyev təlimlərin əsas məqsədinin hər iki ölkənin hava hücumundan müdafiə qüvvələrinin döyüş hazırlığı səviyyəsini daha da artırmaqdan ibarət olduğunu xüsusi vurğulayıb:

“Bu da öz növbəsində həm Yaxın Şərqdə, həm körfəz ölkələrində, həm Rusiya-Ukrayna müharibəsinin davam etdiyi müddətdə hər iki ölkənin hava məkanının təhlükəsizliyi məsələsində mühüm əhəmiyyət kəsb edən bir təlim hesab olunur. Təbii ki, bu ölkələrin hava məkanının qorunmasında da əhəmiyyətli şəkildə təsir göstərəcək”.

O, bildirib ki, təlimlərin hərbi-strateji mesajları da var:

“İlk növbədə, Vətən müharibəsində böyük döyüş təcrübəsi əldə edən Azərbaycanın hərbi hava və hava hücumundan müdafiə qoşunları öz təcrübəsini digər mütəffiq ölkələrlə bölüşür. Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan kifayət qədər fərqli hərbi doktrinə, silahlanmaya malik olsalar da, görünür, Azərbaycanın döyüş təcrübəsi dünyanın ən inkişaf etmiş ordularından biri olan BƏƏ üçün də kifayət qədər müsbət xarakter daşıyır, yəni onlar da bizim təcrübəmizdən yararlanmaq niyyətindədir”.

Ədalət Verdiyev xüsusi olaraq vurğulayıb ki, Azərbaycan və Ərəb Əmirlikləri dünyaya nümayiş etdirirlər ki, onlar fərqli sistemlərə malik olsalar da, birgə hava döyüş əməliyyatları və hava hücumundan müdafiə əməliyyatlarını koordinasiyalı bir şəkildə birgə həyata keçirə bilərlər.

44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı təcrübə bu gün də beynəlxalq hərbi əməkdaşlıqda öz əksini tapır.

“Şahinlərin görüşü – 2026” təlimi göstərir ki, müasir müharibələrdə təkcə silahların gücü deyil, koordinasiya və təcrübə mübadiləsi də həlledici rol oynayır. Azərbaycan və BƏƏ-nin birgə fəaliyyəti həm hava məkanının təhlükəsizliyinin gücləndirilməsi, həm də regionda dəyişən təhdidlərə qarşı hazırlığın artırılması baxımından mühüm mesajdır.

Fatimə Ələkbərova

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR