"Gənclərin siyasi düşüncəsinə təsir etmək diplomatiyanın əsas amillərindən biridir"
Milli Məclisin deputatı Vüqar İskəndərov parlamentin iclasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatının fəaliyyəti, gənclər diplomatiyasının əhəmiyyəti və Azərbaycanın beynəlxalq platformadakı rolu ilə bağlı bəyanatla çıxış edib.
Sfera.az xəbər verir ki, onun sözlərinə görə, gənclərin siyasi düşüncəsinə təsir etmək və gələcək liderlərlə sıx əlaqələr qurmaq diplomatiyanın əsas amillərindən birinə çevrilib:
"Qoşulmama Hərəkatının Gənclər Təşkilatının və onun Mərkəzi Katibliyinin fəaliyyətə başlaması sadəcə təşkilati addım deyil, dərin siyasi-diplomatik məzmuna malik layihədir. Beynəlxalq siyasətdə bəzən ən böyük uğur bugünkü qərarlara təsir etmək deyil, sabah qərar verəcək insanlarla bu gündən möhkəm əlaqələr qurmaqdır."
Parlamentari çıxışında üç əsas siyasi məqamı xüsusi vurğulayıb:
“Bu gün Bakıda bir araya gələn gənclər sabah öz ölkələrinin naziri, parlamentarisi, diplomatı və beynəlxalq təşkilat rəhbəri olacaqlar. Bu səbəbdən gənclər diplomatiyası gələcək dövlətlərarası münasibətlərə qoyulan uzunmüddətli sərmayədir. Katibliyin Bakıda yerləşməsi beynəlxalq əlaqələrin koordinasiyası, yeni təşəbbüslərin hazırlanması və müxtəlif regionlardan olan gənclər arasında davamlı ünsiyyət üçün platforma yaradır. Qoşulmama Hərəkatı Asiya, Afrika və Latın Amerikası ölkələrini birləşdirir. Gənclər platforması bu ölkələrlə təkcə rəsmi diplomatiya üzrə deyil, həm də elm, təhsil, innovasiya və mədəniyyət sahələrində əməkdaşlığa xidmət edəcək”.
Deputat təşkilatın məhz Şuşada təsis edilməsinin rəmzi və praktiki məna daşımasını xatırladıb:
“2022-ci ilin iyununda qəbul edilən "Şuşa razılaşması" ilə bu təşkilat yaradılıb. Bu fakt Şuşanı təkcə Azərbaycanın tarixi-mədəni mərkəzi kimi deyil, həm də beynəlxalq gənclər əməkdaşlığında mühüm qərarların verildiyi məkan kimi tarixə salır".
Vüqar İskəndərov parlamentdə yeni bir təkliflə də çıxış edib. O, Milli Məclisin müvafiq strukturu ilə Qoşulmama Hərəkatının Gənclər Təşkilatı arasında gənc parlamentarilərin iştirakı ilə müntəzəm dialoq mexanizminin formalaşdırılmasını məqsədəuyğun hesab edib.
Bəsti Rəfizadə
Sfera.az






