Kamaləddin Qafarov: Azərbaycan Asiya ölkələri ilə əməkdaşlığı genişləndirir
“Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manetlə görüşdən sonra mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin inkişaf istiqamətlərini ortaya qoydu.”
Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata açıqlamasında belə deyib.
O, bildirib ki, səfər mövcud siyasi etimadın yeni əməkdaşlıq imkanlarına çevrilməsi baxımından əhəmiyyətlidir. “Tərəflərin açıqlamalarında beynəlxalq platformalarda qarşılıqlı dəstək və parlamentlərarası əlaqələrin genişləndirilməsi xüsusi yer tutub. Azərbaycanla Kambocanı birləşdirən mühüm cəhətlərdən biri beynəlxalq təşkilatlarda əməkdaşlığa verdikləri önəmdir. BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində qurulan əlaqələr göstərir ki, coğrafi baxımdan uzaq dövlətlər ortaq prinsiplər və qarşılıqlı hörmət əsasında səmərəli tərəfdaşlıq qura bilərlər. Prezident İlham Əliyevin vurğuladığı kimi, çoxtərəfli platformalarda fəal əməkdaşlıq ikitərəfli münasibətlərin möhkəmlənməsinə xidmət edir. Bu yanaşma Azərbaycanın xarici siyasətində dialoqa və qarşılıqlı faydaya əsaslanan xəttin ardıcıl davam etdirildiyini göstərir.”
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, belə münasibətlər yalnız bəyanatlarla məhdudlaşmır və onların real məzmunu dövlətlərin bir-birinin təşəbbüslərinə münasibətində, ortaq platformalarda mövqelərin uzlaşdırılmasında və yeni təmas kanallarının yaradılmasında üzə çıxır: “Hun Manetin Bakıya səfəri və AQEM-in Zirvə görüşündə iştirakı bu baxımdan əhəmiyyət daşıyır. Azərbaycan Asiya ölkələri ilə əlaqələrini genişləndirməklə beynəlxalq əməkdaşlığın coğrafiyasını artırır, müxtəlif regionlar arasında siyasi dialoqun inkişafına töhfə verir. Kamboca ilə təmasların intensivləşdirilməsi də həmin strategiyanın məntiqi tərkib hissəsidir.
Münasibətlərin institusional əsasını möhkəmləndirən digər istiqamət parlamentlərarası əməkdaşlıqdır. Hər iki ölkədə fəaliyyət göstərən dostluq qrupları siyasi dialoqun qanunverici orqanlar səviyyəsində davam etdirilməsinə imkan yaradır. Parlamentlər qarşılıqlı təcrübənin öyrənilməsi, dövlətlərin maraqlarının daha yaxından anlaşılması və əlaqələrin hüquqi əsaslarının inkişafı baxımından mühüm rol oynayır. Bu təmaslar hökumətlər arasında əldə olunan razılaşmaların daha geniş institusional dəstəklə müşayiət edilməsinə şərait yaradır. Kambocanın dəstəyi ilə Azərbaycanın ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsi də diqqətəlayiq nümunədir. Bu addım Cənub-Şərqi Asiya ilə əlaqələrin genişləndirilməsi üçün əlavə imkanlar açır. Azərbaycanın coğrafi mövqeyi Avropa ilə Asiya arasında bağlantıların inkişafına əlverişli zəmin yaradır. Bu imkanlardan səmərəli istifadə üçün nəqliyyat əlaqələri ilə yanaşı, siyasi və parlament diplomatiyasının da fəal olması vacibdir. Oktyabrın 12-də mübadilə olunan sənədlər də əlaqələrin konkret sahələr üzrə inkişafına xidmət edən siyasi iradəni təsdiqləyir.”






