NATO-dan sərt bəyanat: Bu obyektlər də hədəf olacaq
NATO Avropada mümkün hərbi qarşıdurma zamanı yalnız rəqib qüvvələri deyil, onların döyüş əməliyyatlarını dəstəkləyən obyektləri də hədəfə almağa hazır olduğunu bəyan edib.
Sfera.az xəbər verir ki, bu barədə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Aleksus Qrinkeviç Polşada keçirilən Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərini “Fox News” telekanalı yayıb.
Qrinkeviçin sözlərinə görə, alyansın yanaşması yalnız hücum edən qüvvələrlə məhdudlaşmır. Həmin qüvvələri dəstəkləyən, təchiz edən və onların fəaliyyətinə nəzarət edən obyektlər də hədəf sayıla bilər.
O, NATO-nun strategiyasının üç mərhələdən ibarət olduğunu bildirib. Bunlara rəqibin qarşısının alınması, çəkindirilməsi və onun döyüş imkanlarının məhv edilməsi daxildir.
Komandan vurğulayıb ki, alyans üzv olan 32 ölkədən hər hansı birinə hücum ediləcəyi təqdirdə qətiyyətli cavab verməyə hazırdır.
Qeyd edək ki, Rusiya rəsmiləri daha əvvəl Qərbin Moskvanın NATO ölkələrinə hücum etmək niyyətində olması ilə bağlı iddialarını rədd ediblər. NATO-nun keçmiş rəsmilərindən biri də Rusiyanın alyansa hücumu ehtimalını əsaslandıran real dəlillərin olmadığını bildirib.
Fatimə
Sfera.az






