Regional əməkdaşlıq çoxvektorlu dövlət siyasətinin mühüm tərkib hissəsidir
Geosiyasi turbulentlik yüksələn xətlə artmaqda davam edir. Hətta oturuşmuş hərbi-siyasi ittifaqlarda belə, ciddi çatlar və qarşıdurmalar müşahidə olunur. BMT başda olmaqla bir çox beynəlxalq təşkilatlar bu cür mürəkkəb şəraitdə zəiflik nümayiş etdirir və birbaşa vəzifələrinin icrasından aşkar şəkildə yayınırlar. Elə bu səbəbdən regional əməkdaşlıq platformalarının əhəmiyyəti ön plana çıxır.
Xüsusilə nəzərə alsaq ki, həm şimal, həm də cənub qonşumuz faktiki müharibə vəziyyətindədir, bu faktın özü də yaxın qonşularımızla münasibətdə həssasiyyət amilini xeyli qabardır. O da danılmaz həqiqətdir ki, Orta Dəhliz, Zəngəzur dəhlizi, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri kimi geostrateji layihələr regional əməkdaşlığa xüsusi diqqət yetirilməsini qaçılmaz edir. Prezident İlham Əliyevin dönə-dönə qeyd etdiyi kimi, geoiqtisadi layihələrin reallaşması üçün yalnız yaxın qonşularla deyil, qonşuların qonşuları ilə də bərabərhüquqlu və səmərəli əlaqələrin qurulması olduqca vacibdir.
Cənab Prezidentin Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə iştirakının ertəsi günü MDB Dövlət Başçıları Şurasının və Xəzər Ekoloji Sammitinin iclaslarında iştirakı həm də bu amillər baxımından ciddi əhəmiyyət kəsb edir, eyni zamanda, geostrateji çağırışlara praqmatik dövlət yanaşmasını təcəssüm etdirir. Yaşadığımız dövrün reallıqlarından biri də onunla bağlıdır ki, strateji nəqliyyat və logistika bağlantılarında birbaşa iştirak, həmçinin onlara nəzarət imkanı qlobal proseslərə təsir dərəcəsini də müəyyənləşdirir. Prezident İlham Əliyevin oktyabrın 9-da MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında səsləndirdiyi bu mesaj elə həmin reallığa söykənir:
“Əlverişli coğrafi mövqeyə malik olan ölkəmiz müasir nəqliyyat və logistika infrastrukturunu praktik olaraq sıfırdan qurub. Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi öz mövqeyini davamlı olaraq möhkəmləndirir, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq dəhlizləri boyunca etibarlı tranziti təmin edir”.
Cari ilin ilk altı ayında ölkəmizdən keçən tranzit daşımalarının həcminin 10 faiz artaraq 8 milyon tona çatdırılması ona dəlalət edir ki, Azərbaycanın geostrateji layihələrdə cəlbediciliyi danılmaz faktdır. Həmin marşrutlar üzrə daşımaların ümumilikdə 30 milyon tona çatdırılması hədəfi həm də bu gerçəklikdən qaynaqlanır. Azərbaycanın xarici ticarət dövriyyəsində MDB ölkələrinin payını, təkcə ötən il tranzit daşımalarından 3 milyard manatdan çox gəlir əldə edildiyini nəzərə alsaq, bu istiqamətdə atılan addımların büdcəyə daxilolmalar baxımından nə qədər vacib olduğunu görə bilərik. 2028-ci ildə Azərbaycanın MDB-yə sədrlik etməsi qərarının arxasında iqtisadi maraqlarımızla yanaşı, həm də o dayanır ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ölkəmizin bu funksiyanı üzərinə götürməsinə uzun illər mane olub. Qarabağ Zəfərinin Cənubi Qafqazda yaratdığı yeni tarixi reallıq, habelə Azərbaycanın Avrasiya coğrafiyasının strateji mərkəzlərindən birinə çevrilməsi regional əməkdaşlığı yeni formatda yönləndirməyə zəmin yaradır.
Yeni imkanlardan biri də 2018-ci ildə imzalanmış “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın icrasına daha operativ və ortaq baxışın formalaşması ilə bağlıdır. Xəzər dənizinin sürətlə dayazlaşması prosesi təkcə ekoloji, o cümlədən iqlim dəyişikliyi ilə bağlı deyil, bunun bir səbəbi də çay axınının azalması və təsərrüfat mənşəli antropogen amillərdir. Başqa sözlə, mühüm nəqliyyat və enerji marşrutlarının keçdiyi Xəzər dənizində yaşanan mürəkkəb vəziyyət obyektiv proseslərlə yanaşı, subyektiv amillərlə də birbaşa bağlıdır. Prezident İlham Əliyevin oktyabrın 9-da Xəzər Ekoloji Sammitinin geniş tərkibli iclasında səsləndirdiyi bu açıqlama Xəzəryanı ölkələrin ortaq mövqeyinin formalaşmasına xidmət edən mühüm çağırışdır:
“Hələ 2022-ci ildə Aşqabadda keçirilən altıncı Xəzər Sammitində Xəzər dənizinin dayazlaşması kontekstində bunun səbəblərini müəyyən etmək və dəniz səviyyəsinin daha da aşağı düşməsinin qarşısını almaq üçün tədbirlər görmək məqsədilə xüsusi ekspert qrupları yaratmağı təklif etmişdim. Ötən illər bu təşəbbüsün aktuallığını təsdiqlədi. Problemin ümumi müzakirəsindən əməkdaşlıq və qərarların icrasına nəzarət üçün daimi fəaliyyət göstərən mexanizmin yaradılmasına keçməliyik”.
Sammit çərçivəsində aparılan müzakirələr və qəbul edilən qərarlar Prezident İlham Əliyevin təşəbbüsü ətrafında ortaq və konstruktiv mövqenin formalaşdığını nümayiş etdirir.
Azərbaycan Prezidentinin prinsipial mövqeyi bir daha sübut edir ki, Xəzər dənizindən keçən beynəlxalq marşrutlarla, ilk növbədə, Orta Dəhliz və Zəngəzur dəhlizi ilə bağlı ölkəmizin praqmatik siyasəti ardıcıl və dəyişməzdir. Bir neçə gündən sonra Bakıda keçiriləcək və 28-dən çox ölkənin yüksəksəviyyəli rəsmisinin iştirak edəcəyi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Vll Zirvə Görüşü, ölkəmizin 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının (İƏT), 2028-ci ildə isə MDB ilə yanaşı, Avropa Siyasi Birliyinin Zirvə Görüşlərinə ev sahibliyi ilə bağlı qərarlar milli maraqlarımıza xidmət edən çoxvektorlu və praqmatik dövlət siyasətinin əyani göstəricisidir.
Ülvi Quliyev,
Milli Məclisin deputatı






