Almanlar Şröderin Putinlə görüşünü pisləyir
Almaniya vətəndaşlarının yarıdan çoxu ölkənin keçmiş kansleri Gerhard Şröderin Rusiya Prezidenti Vladimir Putinlə görüşünü yersiz hesab edir.
Sfera.az xəbər verir ki, bu barədə DPA agentliyinin sifarişi ilə “YouGov” şirkətinin keçirdiyi sorğunun nəticələrində bildirilib.
Sorğuda iştirak edənlərin 56 faizi belə bir addımın Almaniyanın keçmiş hökumət başçısına yaraşmadığını düşünür. Respondentlərin 25 faizi görüşü məqbul hesab edib, 20 faizi isə cavab verməkdə çətinlik çəkib və ya fikir bildirməkdən imtina edib.
Sorğu cümə günü Almaniyanın 1219 sakini arasında keçirilib.
Kremlin məlumatına görə, Şröderlə Putin çərşənbə günü, Rusiya liderinin 74-cü doğum günü münasibətilə görüşüblər. Rəsmi açıqlamada Putinin köhnə dostunu evində qəbul etdiyi bildirilib. Görüşdən yayılan fotolarda siyasətçilərin gülümsədiyi və səmimi şəkildə əl sıxdığı görünür.
Almaniya kansleri Fridrix Mertsin mətbuat katibi isə cümə günü bildirib ki, kansler Şröderin bu səfərindən “dərin narazılıq” keçirir. Onun sözlərinə görə, Merts mövcud vəziyyətdə Şröderin Putinin yanında olmasını “son dərəcə əxlaqsız” hesab edir.
Qeyd edək ki, Gerhard Şröder 1998–2005-ci illərdə Almaniyanın kansleri olub, daha əvvəl isə Almaniya Sosial Demokrat Partiyasına rəhbərlik edib. O, uzun illərdir Putinlə yaxın münasibətlər saxlayır. Keçmiş kansler Rusiya enerji şirkətlərinin layihələrində iştirakı və Moskva ilə əlaqələrinə görə dəfələrlə tənqid olunub. Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra da Şröder Rusiya prezidenti ilə bir neçə dəfə görüşüb.
Firuzə Əliyeva






