Lukaşenko: "Azərbaycanın MDB-yə sədrliyi tarixi hadisədir"
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın 2028-ci ildə Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik etmək qərarını tarixi hadisə kimi qiymətləndirib.
Sfera.az xəbər verir ki, Lukaşenko bunu MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında çıxışı zamanı deyib.
“ Təşkilatımızın inkişafında yeni mərhələ Azərbaycanın hörmətli Prezidenti İlham Heydər oğlu Əliyevin 2028-ci ildə ilk dəfə sədrliyi qəbul etmək qərarıdır. Bu, şübhəsiz ki, tarixi hadisədir. Prezidentin özü də bunu qeyd etdi”, – deyə Belarus lideri bildirib.
Lukaşenko Ermənistanın da növbəlilik prinsipinə uyğun olaraq 2029-cu ildə bu fəxri missiyanı üzərinə götürmək qərarı verəcəyinə ümid etdiyini bildirib.
Belarus Prezidenti, həmçinin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə ölkəsinin 2027-ci ildə MDB-yə sədrlik etməyə razılıq verməsinə görə təşəkkür edib.
“Əminəm ki, özbək dostlarımız həmişə olduğu kimi, bu missiyanı da layiqincə yerinə yetirəcəklər. Belarus sizə maksimum dəstək göstərəcək və bütün proseslərdə fəal iştirak edəcək”, – deyə Lukaşenko vurğulayıb.
Bəsti Rəfizadə
Sfera.az






