Qardaş qardaşa bunu etməz – ayıbdır, dost-düşmən baxır!

Qardaş qardaşa bunu etməz – ayıbdır, dost-düşmən baxır!
Kateqoriya məlum deyil
T

Cari ilin 11 avqustunda Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Dövlət Televiziyasına müsahibəsi zamanı çox mühüm açıqlamalar vermişdi. Dövlətimizin başçısı bildirmişdi ki, Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi bizdə hazırdır. Prezident gələcəkdə Azərbaycanın Ermənistana elektrik enerjisi ixrac edə biləcəyini də anons etmişdi.

İlham Əliyev xüsusilə vurğulamışdı ki, Ermənistan sovet dövründə tikilmiş Metsamor Atom Elektrik Stansiyasını qeyri-müəyyən müddətə istismar edə bilməz. Əlavə etmişdi ki, stansiyanın fəaliyyəti dayandırılarsa, Ermənistan elektrik enerjisi çatışmazlığı ilə üzləşə bilər.

Sitat: “Ümid edirəm ki, Ermənistan tərəfi də bu məsələni uzatmayacaq. Bu, birinci onların özlərinə lazım ola bilər. Çünki bu gün əsas enerji mənbələri olan atom elektrik stansiyası onların nəzarəti altında deyil. Bu stansiya köhnəlib və bütün bölgə üçün təhlükə mənbəyidir. Dəfələrlə Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq platformalarda bu məsələ ilə bağlı öz narahatlıqlarını ifadə ediblər”.

Prezidentin bu açıqlamalarına Ermənistanın baş naziri Nikol Paşinyan iki gün sonra münasibət bildirərək demişdi ki, əvvəllər Ermənistanda elektrik enerjisi profisiti var idi, lakin indi ölkədə yeni tələbat yarana bilər. Paşinyan vurğulamışdı ki, Ermənistanda süni intellekt zavodlarının fəaliyyətə başlaması enerjiyə olan tələbatı artırır. “Bəzən elektrik enerjisi ixrac edə, bəzən isə idxal edə bilərik. O cümlədən Azərbaycanla da tərəfdaşlıq edə bilərik”, baş nazir bildirmişdi.



1a8659ea-9e22-4260-8028-f479cd6b3657.jpg (493 KB)

Nikol Paşinyan Azərbaycan mütəxəssislərinin 2025-2026-cı illərdə TRIPP layihəsi çərçivəsində reallaşdırılması planlaşdırılan elektrik xətləri, dəmir yolu, boru kəmərləri və digər məsələləri müzakirə etmək üçün Ermənistanda olduqlarını da açıqlamışdı və bununla da Azərbaycan Prezidentinin Naxçıvanda söylədiklərini təsdiqləmişdi.

Bir müddət sonra isə Ermənistan Rusiya qazına alternativlər axtarışı zamanı Azərbaycandan mavi yanacaq ala biləcəklərini də istisna etməmişdi. Bütün bunlarda sonra nə baş verdi? Baş verənlər göz önündədir.

Oktyabrın 5-də xəbər yayıldı ki, Türkiyənin enerji mütəxəssislərindən ibarət nümayəndə heyəti dünən Ermənistanda səfərdə olub. Qardaş ölkənin Elektrik Enerjisinin Ötürülməsi Təşkilatının (TEİAŞ) baş direktoru Mustafa Pustunun rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyanla görüşüb. Ermənistan mətbuatının məlumatında bildirilir ki, qəbul zamanı Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərinin bərpasının iki ölkə arasında nəqliyyat-kommunikasiya, ticari əlaqələr və digər sahələrə müsbət təsirləri barədə fikir mübadiləsi aparılıb. Tərəflər həm qarşılıqlı münasibətlərin, həm də regional əməkdaşlığın Ermənistan və Türkiyənin enerji sistemlərinin birləşdirilməsi məsələsini önə çıxardığını vurğulayıblar.

Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri özünün “Facebook” səhifəsində paylaşımında türkiyəli həmkarları ilə görüşü “qarşılıqlı etimada əsaslanan normallaşma prosesinin mühüm və vacib tərkib hissəsi” kimi dəyərləndirib. “Biz Ermənistan - Türkiyə münasibətlərinin nizamlanması prosesi çərçivəsində Gümrü - Qars elektrik ötürücü xəttinin bərpası və işə salınması istiqamətində aparılan işlərə toxunduq”, - deyə nazir qeyd edib. Xudatyan əlavə edib ki, Türkiyədən gələn nümayəndə heyəti səfər çərçivəsində Ermənistanın elektrik enerjisi infrastrukturunda böyük təcrübəyə malik iki müəssisənin fəaliyyəti ilə də maraqlandıqlarını söyləyib. Onun sözlərinə görə, Mustafa Pustu “Ermənistanın Elektroenergetika Sistemi Operatoru” QSC və “Yüksəkgərginlikli elektrik şəbəkələri” QSC-nin rəhbər heyəti ilə görüşərək birgə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.


2cdcae89-9a77-41d4-8e07-f1018318eef0.jpg (531 KB)

Maraqlısı budur ki, Türkiyə tərəfdə bu səfər və danışıqlar qabardılmayıb. Beləliklə, məxfi görüşlərin keçirildiyi qənaəti yaranır. Belə tələskənlik nəyə lazım idi? Aha, demək Azərbaycan Prezidentinin perspektivdə Ermənistana elektrik enerjisi satışı barədə deyilənlər və Ermənistandan verilən müsbət impulslar qardaş ölkənin rəsmilərini hərəkətə gətirib?

Axı, ticarətdə müəyyən qaydalar var, bir tərəf sövdəni bitirməmiş digəri alıcı, ya satıcıya yaxınlaşmır, bu, həm də etik qaydadır. Xüsusilə də qardaş ölkədən belə tələskən hərəkətliliyə nə zərurət var idi? Düzdür, deyilə bilər ki, hər bir dövlətin maraqları var və s. Amma axı, Azərbaycanın ideya müəllifi olduğu Zəngəzur dəhlizi həm də region ölkələrin, o cümlədən qardaş Türkiyənin maraqlarını təmin edir. Belə olduğu təqdirdə Ermənistana elektrik enerjisi satışında irəli düşmək Zəngəzur dəhlizinin “ayağından çəkmək” anlamına gəlir. Necə ki, dövlətimizin rəhbəri bildirmişdi ki, dəhliz sadəcə nəqliyyat məsələlərini özündə ehtiva etmir, bu marşrutdan kəmərlər, elektrik, internet xətləri də keçəcək.

Azərbaycanın əsas hissəsindən Naxçıvan bölgəsinə elektrik xəttinin çəkilməsi həm də Ermənistanı bu şəbəkədən bəhrələnməyə sövq edəcəksə, bu layihəyə alternativ təqdim etmək doğru haldırmı? Bu, Zəngəzur dəhlizinin qlobal əhəmiyyətinə xələl gətirən “at gedişi”dir və heç yerinə düşmür. Ən azı iki ölkənin rəsmi şəxslərinin məsləhətləşməsi, mütəxəssislərinin əlaqədə olması lazım idi. “Məlikməmmədin nağılı”nı xatırladan davranış ürəyə xal salır, təəssüf ki...


WVHDb0noelTxtRRBdUBtP84hCbhMH6JxUiUDUvmC_1200.jpg (78 KB)

Kəlbəcərin işğalından sonra qardaş Türkiyə Ermənistanın üzünə sərhəd qapılarını qapatmaqla bütün digər məsələləri arxa plana keçirib. Məsələn, biz daim qardaş ölkənin bu mərdi-mərdanə qərarını önə çəkmişik, Kəlbəcərdə köməksiz vəziyyətdə qalmış köçkünlərin, qadın, qoca və uşaqların çıxarılması üçün helikopter verilməsindən imtinanı çox qabartmamışıq. Ondan sonrakı addımları, Azərbaycanla birgə verilən qərarları, Şuşa Bəyannaməsini, Türk Dövlətləri Təşkilatı və digər platformalarda əməkdaşlığı, “Bir millət, iki dövlət” olaraq sevincimizi və kədərimizi bölməyimizi unutmayacağıq, daim qürurla xatırlayacağıq. Amma...bəs bu söhbətlər, bu, xoşagəlməz qərarlar nədir?

Türkiyə rəhbərliyi hər zaman Ermənistanla əməkdaşlıq məsələlərində Azərbaycanın rəyinin önəmli olduğunu açıqlayıb. Elə isə bu, gizli elektrik ticarəti nədir? Məgər Ermənistan Azərbaycanın Naxçıvan bölgəsinə elektrik enerjisi, mavi yanacaq ötürülməsinə, gediş-gəlişimizə imkan yaradıbmı, Türkiyə ikitərəfli (?!) əsaslarla İrəvana elektrik satmağı qərarlaşdırıb?


04280890-057c-47c3-929c-9727dde87cd1.jpg (626 KB)

Belə görünür ki, məsələ bununla bitmir. Bu görüşdən bir gün sonra, 6 oktyabrda Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Ermənistan-Türkiyə sərhədinin açılacağını, habelə Azərbaycan və Türkiyə ilə dəmir yolu əlaqəsinin bərpa olunacağını gözlədiyini elan edib. İrəvanda keçirilən Ermənistan-Böyük Britaniya biznes forumunda çıxışı zamanı Paşinyanı belə ciddi açıqlama verməyə nə vadar edib? Belə aydın olur ki, BMT Baş Aassambleyası çərçivəsində Türkiyə Prezidenti ilə görüş də təsadüfi deyilmiş.

Əvvəllər enerji əməkdaşlığı daha çox Zəngəzur/TRIPP dəhlizi kontekstdə müzakirə olunurdu. Bu müzakirələr Azərbaycan - Ermənistan sülh prosesi çərçivəsində, Naxçıvan vasitəsilə elektrik və qaz xətlərinin çəkilməsi planları ilə gedirdi. Təbii ki, bu layihə hələ də qüvvədədir və Azərbaycan tərəfindən aktiv şəkildə irəli sürülür. Amma indi Türkiyə birbaşa ikitərəfli yolla hərəkət edir, mövcud Gümrü - Qars xəttini bərpa etmək və sistemləri birləşdirmək üçün Ermənistanla ayrı-ayrı texniki danışıqlar aparır. Düzdür, danışıqlar zamanı hələlik yeni rəsmi saziş və ya müqavilə imzalanmayıb, lakin iki ölkənin enerji sistemlərinin birləşdirilməsi mövzusunun müzakirəsi bu sahədə strateji yaxınlaşmanı əsaslı şəkildə göstərir.

Əslində bu, ilk də deyil. İyun ayında Qarsda erməni və türk iş adamları bir araya gəlmişdi. Bəzi media orqanlarında tədbirin “XİN-in dəstəyi ilə” keçirildiyi vurğulansa da, sonradan rəsmi mənbələrdə Qars görüşündə Türkiyə Xarici İşlər Nazirliyinin təmsilçisi Ayşe Uzerin, Ermənistanın Ermənistan xarici işlər nazirinin müşaviri Hayk Darbinyanın iştirak etdiyi təsdiqlənmişdi. Yəni bu görüş sadəcə iş adamlarının kontaktı yox, iki ölkənin XİN-i tərəfindən koordinasiyalı şəkildə dövlət səviyyəsində təşkil edildiyini göstərdi.

aa55f3ae-0d0a-45a0-96e7-67e9531e227a.jpg (666 KB)

O zaman “Qars Hakimiyet” nəşri yazmışdı ki, Qars şəhərində Türkiyə və Ermənistan işgüzar dairələrinin nümayəndələri arasında tarixdə ilk iri görüşlərdən biri keçirilib. Görüş B2B danışıqları formatında təşkil olunub. Məhz həmin nəşr bildirmişdi ki, tədbir Türkiyə və Ermənistan Xarici İşlər nazirliklərinin, eləcə də Türkiyə Palatalar və Əmtəə Birjaları Birliyinin (TOBB) dəstəyi ilə baş tutub. Təşkilatçı qismində Qars Ticarət və Sənaye Palatası (KATSO) çıxış edib. Proqram çərçivəsində türk və erməni sahibkarlar ilk dəfə belə yüksək səviyyədə bir masa arxasında toplaşaraq mümkün birgə layihələri, yeni investisiyaları və iqtisadi əməkdaşlıq istiqamətlərini müzakirə ediblər. Təşkilatçıların məlumatına görə, görüş iki ölkənin biznes dairələri arasında birbaşa əlaqələrin inkişaf etdirilməsi və münasibətlərin normallaşması fonunda dayanıqlı iqtisadi əlaqələrin qurulmasına xidmət edib. İştirakçılar vurğulayıblar ki, biznes əməkdaşlığı qarşılıqlı etimadın möhkəmləndirilməsi və regional inteqrasiyanın inkişafı üçün mühüm vasitəyə çevrilə bilər. Danışıqlar zamanı ticarət, logistika, nəqliyyat infrastrukturu, turizm, kənd təsərrüfatı, sənaye istehsalı, energetika və xidmət sektoru daxil olmaqla geniş mövzular müzakirə olunub. Xüsusi diqqət nəqliyyat əlaqələrinin genişləndirilməsi və ölkələr arasında, eləcə də Cənubi Qafqazdan keçən logistika marşrutlarının sadələşdirilməsinə yönəldilib. İşgüzar dairələrin nümayəndələri iqtisadi əməkdaşlığın yüksək potensiala malik olduğunu bildiriblər. Hətta Qars tərəfi ermənilərə kənd təsərrüfatı və məhsulların emalı sahəsində regionun imkanlarını, o cümlədən məşhur Qars pendiri, Qars qruyer pendiri və Qars balı kimi brendləri təqdim edib.

Erməni iştirakçılar isə sənaye, qida sektoru, texnologiyalar və turizm sahələrində əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildiriblər. Qeyd olunub ki, hər iki iqtisadiyyat bir-birini tamamlayan potensiala malikdir. Bir tərəfdə istehsal və xammal resursları, digər tərəfdə isə emal, logistika və xarici bazarlara çıxış imkanları mövcuddur.

İştirakçılar hesab edirlər ki, düzgün koordinasiya şəraitində bu amillər uzunmüddətli iqtisadi tərəfdaşlığın əsasını qoya bilər. Turizm sahəsi də ayrıca müzakirə olunub. Bildirilib ki, Ani qədim şəhəri və Ermənistanın tarixi görməli yerlərini əhatə edən marşrutların birgə inkişafı yeni transsərhəd turizm istiqamətlərinin formalaşmasına və regiona turist axınının artmasına səbəb ola bilər. Çıxışlar zamanı nəqliyyat infrastrukturu məsələləri də qaldırılıb. İştirakçılar avtomobil və dəmir yolu əlaqələrinin inkişafının, sərhəd keçid məntəqələrinin açılmasının və logistika marşrutlarının bərpasının vacibliyini vurğulayıblar. Onların fikrincə, bu addımlar regionun iqtisadi fəallığını əhəmiyyətli dərəcədə artıra bilər. Rəsmi hissədən sonra proqram qapalı B2B görüşləri formatında davam edib. Burada iki ölkənin biznes nümayəndələri qida sənayesi, tekstil, tikinti, turizm və texnologiyalar daxil olmaqla müxtəlif sahələrdə mümkün investisiya layihələrini və əməkdaşlıq istiqamətlərini ətraflı müzakirə ediblər. Tədbirin yekununda iştirakçılar ümid etdiklərini bildiriblər ki, bu görüş Türkiyə və Ermənistan işgüzar icmaları arasında müntəzəm dialoqun başlanğıcı olacaq və yaxın gələcəkdə konkret birgə layihələrin ortaya çıxmasına gətirib çıxaracaq.

musavat_logo_centered_4.png (2.50 MB)



Qars görüşündə əldə olunmuş razılığa əsasən, 3-4 sentyabr 2026-cı il tarixlərində Ermənistanın paytaxtında geniştərkibli erməni-türk biznes forumu təşkil edilib. Forumda Türkiyə tərəfindən 150-yə yaxın iş adamı iştirak edib. Görüşlərin yekununda iş adamları tərəfindən imzalanmış birgə bəyanatda tərəflər logistika, turizm, kənd təsərrüfatı, ərzaq, tekstil və tikinti sektorlarında əməkdaşlığı, birgə investisiya imkanlarını və ən əsası ticarətin asanlaşdırılması üçün sərhəd qapılarının açılmasının vacibliyini vurğulayıblar.

Bax, belə. Bu, iyunda baş verənlərdir, detallara varmamaq olardı, əgər son olaylar baş verməsəydi...

6d7e73e9-f16a-4f25-b5ce-f20f00a39cec.jpg (36 KB)

Bütün bunlar göstərir ki, Türkiyə birbaşa Ermənistanla sərhədlərin açılması, enerji və ticarət sahəsində birbaşa sahəsində dil tapmağa üstünlük verir. Rəsmi Ankaran bu siyasətini Ermənistan-Azərbaycan münasibətlərində artıq sülh prosesinin getməsi ilə izah etməyə çalışa bilər, amma əslində Türkiyənin Ermənistanla əlaqələr qurmaq cəhdləri hələ Azərbaycan ərazilərinin işğal altında olduğu dövrdən - futbol diplomatiyası, Sürix protokolları - olub. Türkiyədə Azərbaycana qarşı qaldırılan dalğa Ankaranın Ermənistanla yaxınlaşmaq, sərhədləri açmaq üçün bir bəhanəyə də çox oxşayır. Azərbaycanı ictimai rəydə etibarsızlaşdırmaq, az qala düşmən obrazında təqdim etmək - son sorğularda Türkiyədə respondentlərin az qala 25 faizinin azərbaycanlıları düşmən kimi görməsi təsadüfi deyil - Türkiyənin Ermənistanla “yaxınlaşmaq” siyasətinin ictimai rəydə qəbul etdirilməsi üçün qurulan planın tərkib hissəsi sayıla bilər, çox təəssüf ki...

musavat_logo_centered_5.png (2.60 MB)

Təsadüflər bu qədər ola bilməz, özü də ardıcıllıqla. Türkiyədə keçirilən sorğu iştirakçılarının 24,9 faizinin Azərbaycanı “düşmən” elan etməsi, İstanbuldakı Baş Konsulluğumuz qarşısında xaincəsinə aksiyanın keçirilməsi, sosial şəbəkələrdə, mediada Azərbaycanı əsassız olaraq İsrailə dəstəkdə ittiham etmək, ölkəmizdə guya baş örtüyü ilə bağlı qadağanın tətbiq edildiyi haqda iftiralar yağdırmaq, Azərbaycana və onun Liderinə qarşı sərsəm ittihamlar söyləmək, yazmaq...Paralel şəkildə Ermənistanla enerji ticarətindən tutmuş, şor-pendir bazarlığınadək getmək...Həmçinin sərhəd qapılarını açmaq! Paşinyan təsadüfən “Ankaranın qərarını gözləyirik”, demir. Azərbaycana qarşı iftiralar və Ermənistanla əlaqələr təsadüfən üst-üstə düşməyib, “ən uyğun vaxt” seçilib, ssenariyə uyğun şəkildə, Azərbaycanı ittiham edir, “günahkar” elan edirlər, küsdürürlər və işlərini görürlər. Heç yaraşmadı...Bu qərarları verənlər Türk dünyasını parçalamağı, Türkiyə-Azərbaycan münasibətlərinə zərbə vurmağı hədəfləyənlərdir! Deyəsən, ermənini hələ də tanımayıblar, əsrdən artıqdır “erməni soyqırımı” ittihamı ilə Türkiyənin üstünə gedirlər, Sürix protokollarını belə ratifikasiya etmədilər, “futbol diplomatiyası”nı iflasa uğratdılar. Bu dəfə də bir sürpriz gözləsinlər! Dəmir Yumruğun ram etdiyi Ermənistanı ayağa qaldırmaq, ilanı öz əlləri ilə boğazlarına dolamaqdır, bizdən demək!

İstənilən halda, Ermənistanla bazarlığa getmək istəyirlərsə, bəhanəsiz getsinlər, Azərbaycana qarşı yersiz ittihamları dayandırsınlar! Qardaş qardaşa bunu yapmaz – ayıbdır, dost-düşmən baxır!

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR