Fransada məktəbli etirazları: Beynəlxalq təşkilatlar insan haqlarının pozulmasına susur - ŞƏRH
Fransada sentyabrın sonlarından genişlənən lisey şagirdlərinin etirazları artıq yalnız təhsil sistemindəki problemlərlə bağlı sosial narazılıq çərçivəsindən çıxaraq ciddi asayiş və insan hüquqları məsələsinə çevrilib. Etirazların əsas səbəbləri müəllim çatışmazlığı, məktəblərin maddi-texniki vəziyyəti, siniflərin həddindən artıq yüklənməsi və təhsil sistemindəki digər problemlər olsa da, aksiyaların bir hissəsində zorakılıqla yanaşı, polis müdaxiləsinin sərtliyi də ciddi müzakirə mövzusudur.

Minlərlə saxlanılan, yüzlərlə yaralanan var
Sentyabrın 21-dən oktyabrın 5-dək 24 təhsil müəssisəsi yandırılıb və ya ciddi dağıdılıb, 78-i təhsil işçisi olmaqla, yüzlərlə yaralı var. Hadisələrin miqyası xüsusilə saxlanılanların yaş tərkibi baxımından diqqət çəkir. 5 mindən çox şəxs saxlanılıb və onların 85 faizi yetkinlik yaşına çatmayanlardır. 28 sentyabrda 164, 29 sentyabrda 440, 30 sentyabrda 625, oktyabrın 1-də isə 1948 saxlanılma qeydə alınıb. Bu rəqəmlər etirazların son günlərdə necə sürətlə böyüdüyünü və hüquq-mühafizə orqanlarının müdaxiləsinin hansı miqyasda olduğunu göstərir.
Burada xüsusilə diqqət çəkən məqam saxlanılanların böyük hissəsinin uşaqlardan və yeniyetmələrdən ibarət olmasıdır. Yetkinlik yaşına çatmayan şəxslərin etiraz aksiyalarında iştirak etməsi onların hüquqi məsuliyyət daşımadığı anlamına gəlmir. Lakin onların saxlanılması, dindirilməsi və onlarla davranış zamanı xüsusi hüquqi təminatların mövcud olması, eləcə də tətbiq edilən tədbirlərin zəruri və mütənasib olması tələb edilir.
Şübhəsiz ki, dövlətin ictimai asayişi qorumaq, məktəblərin yandırılmasının və insanların həyatına təhlükə yaranmasının qarşısını almaq hüququ var. Eyni zamanda nümayişlərdə zorakılıq törədən şəxslər də hüquqi məsuliyyət daşımalıdır. Çünki baş verən aksiyalarla bağlı dövlətin atmalı olduğu addımıara baxılsa, bu, hüquq-mühafizə orqanlarının istənilən vasitədən istifadə edə bilməsi anlamına gəlmir. Xüsusilə nümayişlərdə yetkinlik yaşına çatmayanların iştirak etdiyi şəraitdə saxlanılma və güc tətbiqi zamanı zərurilik, qanunilik və mütənasiblik prinsipləri xüsusi əhəmiyyət daşıyır. Dövlət zorakılığın qarşısını almaqla yanaşı, özü də həddindən artıq güc tətbiq etməkdən çəkinməlidir.

Polis müdaxiləsi ilə bağlı ağır suallar və beynəlxalq hüquq müdafiə təşkilatlarının susqunluğu
Fransadakı hadisələrin ən ciddi tərəflərindən biri polis tərəfindən xüsusi vasitələrin tətbiqi ilə bağlıdır. Lisey şagirdlərinin etirazları zamanı gözyaşardıcı qaz, qumbara, dəyənək və saxlanılmalar geniş tətbiq edilib, güc tətbiqinin qeyri-mütənasib olduğu barədə ciddi iddialar səslənir.
Hadisələrin daha ağır nümunələrindən biri oktyabrın 5-də Lens şəhərində 15 yaşlı şagirdin polis tərəfindən istifadə edilən qumbaranın partlaması nəticəsində əlini itirməsidir. Bu faktın özü belə hüquq-mühafizə orqanlarının nümayişlər zamanı istifadə etdiyi vasitələrin təhlükəsizliyi və tətbiq qaydaları ilə bağlı ciddi suallar yaradır.
Azyaşlıların ağır xəsarət alması, genişmiqyaslı saxlanmalar və polis tərəfindən xüsusi vasitələrin tətbiqi insan hüquqları baxımından suallar doğurmaya bilməz. Burada söhbət yalnız nümayişçilərin hüquqlarından da getmir. Dövlətin öz vətəndaşlarına, xüsusilə uşaqlara münasibətdə davranışı onun hüquq və azadlıqların qorunmasına yanaşmasının mühüm göstəricilərindən biridir.
Məhz bu məqamda beynəlxalq hüquq müdafiə təşkilatlarının reaksiyası məsələsi gündəmə gəlir və indiyə qədərki susqunluqları diqqət çəkir. Məsələn, “Human Rights Watch”un lisey etirazları zamanı polis müdaxiləsinə həsr olunmuş açıqlaması yoxdur.

“Sərhədsiz Reportyorlar” da susqundur.
Lakin sual məhz bundan sonra yaranır: Fransada məktəblilərin iştirakı ilə keçirilən aksiyalarda minlərlə şəxsin saxlanılması, onların böyük hissəsinin yetkinlik yaşına çatmayan olması və azyaşlıların ağır xəsarət alması kimi hadisələr baş verərkən, bu təşkilatların konkret hadisəyə münasibət bildirməməsi nə ilə izah olunur?

İkili standartlar
Baxmayaraq ki, bu təşkilatlar Azərbaycanda sıradan hadisə olan kimi dərhal reaksiya verir, səs-küy salırlar, “Human Rights Watch” və “Sərhədsiz Reportyorlar”ın çoxsaylı bəyanatları mövcuddur.
Belə bir mənzərə fonunda Fransada baş verən son hadisələr qarşısında susqunluq təbii olaraq suallar yaratmaya bilməz. Söhbət insan hüquqlarının pozulmasından gedirsə, burada əsas meyarın ölkənin adı deyil, baş verən hadisənin mahiyyəti olmalıdır.
Fransada 5 mindən çox insanın saxlanılması, onların 85 faizinin yetkinlik yaşına çatmayanlardan ibarət olması, polis xüsusi vasitələrinin tətbiqi və azyaşlının ağır xəsarət alması kimi hallar beynəlxalq insan hüquqları təşkilatlarının diqqətini cəlb etmək üçün kifayət qədər ciddi faktlardır. Xüsusən məktəbli etirazları zamanı baş verən hadisələrə münasibətin olmaması daha çox sual doğurur. Çünki beynəlxalq təşkilatların Azərbaycanda sıradan hadisələrə verdiyi reaksiyaların fonunda Fransada ağır hadisələr qarşısında eyni həssaslığı nümayiş etdirməməsi göz önündədir.
İnsan hüquqları universal xarakter daşıyırsa, onun müdafiəsi də universal prinsiplərə əsaslanmalıdır. Necə ola bilər ki, bir ölkədə polis tərəfindən yetkinlik yaşına çatmayan nümayişçilərə qarşı həddindən artıq güc tətbiqi beynəlxalq hüquq müdafiə təşkilatlarının dərhal diqqətini çəkməsin?! Əgər məqsəd həqiqətən də insan hüquqlarının müdafiəsidirsə, bu müdafiə siyasi və coğrafi sərhədlərlə məhdudlaşmamalıdır.
Fransada məktəbli etirazları zamanı baş verən saxlanılmalar, ağır xəsarətlər və polis gücünün tətbiqi yalnız ölkədaxili müzakirənin deyil, beynəlxalq insan hüquqları mexanizmlərinin də diqqətində olmalıdır. Eyni zamanda nümayişçilər tərəfindən törədilən zorakılıq, məktəblərin dağıdılması və digər qanun pozuntuları da eyni obyektivliklə qiymətləndirilməlidir. İnsan hüquqları yalnız etirazçının deyil, zorakılığın qurbanı olan müəllimin, polis əməkdaşının və digər vətəndaşların da hüquqlarını əhatə edir.
Ancaq reallığın fərqli olduğu ortadadır. Beynəlxalq təşkilatların ayrı-ayrı ölkələrə münasibətdə reaksiyalarının intensivliyi və operativliyi arasında yaranan fərqlər istər-istəməz ikili standartlarla bağlı suallar doğurur. “Human Rights Watch” və “Sərhədsiz Reportyorlar” kimi təşkilatların Azərbaycanda sıradan hadisələrə çox sürətli və sərt reaksiya verməsi fonunda Fransada minlərlə məktəblinin saxlanılması və azyaşlıların ağır xəsarət alması kimi hadisələrə indiyə qədər diqqət göstərilməməsi bu sualları daha da aktuallaşdırır.
İnsan hüquqlarının müdafiəsi seçmə prinsipinə əsaslana bilməz. Bir ölkədə hüquq pozuntusuna çevrilən hərəkət başqa ölkədə siyasi və ya təhlükəsizlik arqumentləri ilə fərqli qiymətləndirilməməlidir. Əks halda beynəlxalq insan hüquqları institutlarının obyektivliyi və qərəzsizliyi ilə bağlı sualların yaranması qaçılmazdır.
Beləliklə, Fransada məktəbli etirazları zamanı baş verənlər yalnız təhsil sistemindəki böhranı deyil, eyni zamanda insan hüquqları və beynəlxalq təşkilatların fəaliyyətinin ardıcıllığı məsələsini də gündəmə gətirib. Bu hadisələr bir daha göstərir ki, insan hüquqlarının müdafiəsi həqiqətən universal prinsip kimi qəbul edilirsə, onun meyarları da bütün ölkələrə münasibətdə eyni olmalıdır. “Human Rights Watch”, “Sərhədsiz Reportyorlar” və digər beynəlxalq təşkilatların fəaliyyətində ikili standartlara yol verməməlidir.






