Elmar Məmmədyarov “bağ qalmaqalı”ndan danışdı – “Hər şey belə olub”

Elmar Məmmədyarov “bağ qalmaqalı”ndan danışdı – “Hər şey belə olub”
Kateqoriya məlum deyil
T

Keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun Mərdəkan qəsəbəsində yerləşən bağ sahəsi ilə bağlı mübahisə gündəmə gəlib. Anar Həsənov adlı şəxs sözügedən ərazinin ailəsinə məxsus olduğunu iddia edir. Onun sözlərinə görə, 1988-ci ildə 0,12 hektar bağ sahəsi Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarı ilə atasına verilib. Lakin 2016-cı ildə Elmar Məmmədyarovun adına 0,24 hektarlıq bağ sahəsinə mülkiyyət hüququnu təsdiqləyən çıxarış verilib.

Sfera.az bildirir ki, gününsəsi.info-nun məlumatına görə, Anar Həsənov əmlakın ailəsinə məxsusluğunu təsdiqləyən sənəd almaq üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə müraciət etsə də, mənfi cavab alıb. Daha sonra məsələ ilə bağlı məhkəməyə müraciət edib. Məhkəmə də onun iddiasını təmin etməyib. Elmar Məmmədyarov isə mübahisənin onun adına rəsmiləşdirilmiş əmlakla bağlı olması səbəbindən məhkəmə prosesinə üçüncü tərəf kimi cəlb olunub.

Globalinfo.az məsələ ilə bağlı sabiq nazir Elmar Məmmədyarovla əlaqə saxlayıb.

O, vaxtilə torpaq sahəsinin dövlət tərəfindən atasına verildiyini bildirib:

“Atamın akademik olduğu dövrdə həmin torpaq ona ayrılmışdı. Qarşı tərəf isə bu torpağın atama deyil, həmin şəxsə məxsus olduğunu iddia edir. Lakin bu, sadəcə şifahi iddiadan ibarətdir. Biz məsələni məhkəməyə daşımışıq və məhkəmə prosesini qazanmışıq. Məhkəmə tam şəkildə təsdiq edib ki, bu torpaq sahəsi Məmmədyarov Məhərrəm Əli oğluna məxsusdur və torpaq geri qaytarılıb”.

E.Məmmədyarov deyib ki, atası rəhmətə getdikdən sonra mülkiyyət hüququ avtomatik olaraq onun, yəni Məmmədyarov Elmar Məhərrəm oğlunun adına keçib:

“Vəkilim həmin şəxslə danışıb, məsələni izah edib. Vəkil bildirib ki, hər şey tam qanuni müstəvidə həll olunub, bütün sənədlər qaydasındadır. Deyib ki, vaxtilə o torpaq Sovet dövründə Bakı Şəhər İcra Hakimiyyəti (Baksovet) tərəfindən verilib, sadəcə vaxtında ardınca düşməyiblər. Sonra məsələni yekunlaşdırıb, torpağı adımıza rəsmiləşdirmişik. Hər şey qanun çərçivəsindədir. Məhz buna görə də məhkəmə bizim xeyrimizə qərar qəbul etdi”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR