Türkiyə və Pakistanın Səudiyyə addımın nəticəsi necə olacaq? - ŞƏRH

Yəməndə İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanına ballistik raket hücumlarından sonra Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın iştirakı ilə Məkkə Müdafiə İttifaqının Strateji Siyasi və Müdafiə Komitəsinin fövqəladə iclası keçirilib.
Görüşdə Səudiyyə Ərəbistanının müdafiəsinin gücləndirilməsi ilə bağlı bir sıra qərarlar qəbul olunub. İclasın yekunlarına dair yayılan birgə açıqlamada bildirilib ki, kollektiv müdafiə öhdəliklərinin icrasına təcili başlanılacaq. Bu çərçivədə tərəflərin milli qanunvericiliyinə uyğun olaraq razılaşdırılmış hərbi qüvvə və imkanların Səudiyyə Ərəbistanına təmin edilməsi, həmçinin onların sürətlə yerləşdirilməsi üçün müvafiq tədbirlər görüləcək.
Bildirilib ki, məqsəd mümkün təhdidlərə qarşı hazırlıq səviyyəsini, hərbi inteqrasiyanı və kollektiv müdafiə imkanlarını gücləndirməkdir.
Bu qərar İranın regiondakı mövqeyinə və Tehranla Səudiyyə Ərəbistanı arasındakı münasibətlərə necə təsir göstərə bilər? Husilərin hücumlarının intensivləşməsi fonunda Türkiyə və Pakistanın hərbi iştirakı hücumların qarşısının alınmasında effektiv olacaqmı?
Bu haqda politoloq Ülviyyə Zülfiqar Sfera.az-a açıqlama verib. Onun sözlərinə əsasən, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın Məkkə Sazişi çərçivəsində kollektiv müdafiə öhdəliklərinin praktiki icrasına keçməsi regionda yeni təhlükəsizlik mexanizminin formalaşdığını göstərir:

“Söhbət artıq yalnız siyasi həmrəylikdən deyil, üç ölkənin müdafiə imkanlarının müəyyən dərəcədə inteqrasiyasından gedir. İndi Səudiyyə Ərəbistanının təhlükəsizliyinə Türkiyə və Pakistanın da birbaşa qoşulması İranın qarşısında daha geniş regional təhlükəsizlik bloku yarada bilər. Bununla belə, bunu avtomatik olaraq İran əleyhinə hərbi ittifaq kimi qiymətləndirmək düzgün olmazdı. Pakistan rəsmi Tehranla açıq diplomatik kanalları qoruyur, Türkiyə də İranla həm rəqabət, həm əməkdaşlıq münasibətlərinə malikdir. Hətta oktyabrın 2-də Pakistan tərəfi İranın husilərlə siyasi dialoq aparılması təklifinin Məkkə Sazişi iştirakçıları tərəfindən müzakirə ediləcəyini bildirmişdi. Buna görə Ankara və İslamabadın marağı İranla birbaşa qarşıdurmadan daha çox, Səudiyyə Ərəbistanının müdafiəsini gücləndirmək və Tehranın regional müttəfiqləri üzərində çəkindirici təsir yaratmaqdır”.
Ekspert hazırda Yəməndə döyüşlərin intensivləşdiyini qeyd edib:
“Belə şəraitdə Tehran-Ər-Riyad münasibətlərinin gələcəyi böyük ölçüdə Məkkə Sazişinin müdafiə xarakterli mexanizm olaraq qalmasından, yoxsa Yəmən müharibəsinə daha geniş müdaxilə alətinə çevrilməsindən asılı olacaq.Türkiyə və Pakistanın hərbi iştirakı husilərin hücumlarını tam dayandırmaya bilər, amma onların effektivliyini azaltmaq və Səudiyyə Ərəbistanının müdafiə imkanlarını gücləndirmək baxımından ciddi rol oynaya bilər. Türkiyə və Pakistanın iştirakı hücumların qarşısının alınmasında hərbi çəkindirməni gücləndirə bilər, lakin problemin uzunmüddətli həlli yenə də Yəməndə siyasi nizamlanmadan və İranla regional gərginliyin idarə edilməsindən keçəcək”.
Bəsti Rəfizadə
Sfera.az






