Zahid Oruc: “Azərbaycanı dini poliqona çevirmək cəhdləri yolverilməzdir”

Zahid Oruc: “Azərbaycanı dini poliqona çevirmək cəhdləri yolverilməzdir”
Kateqoriya məlum deyil
T

Son günlər Türkiyədə fəaliyyət göstərən bəzi blogger və sosial media istifadəçilərinin Azərbaycanda hicabla bağlı qadağa tətbiq edildiyi iddiası üzərindən paylaşımlar etdiyi görünür.

Paylaşımlarda Azərbaycanın dini azadlıqlarla bağlı siyasəti tənqid olunur və məsələ sosial şəbəkələrdə müzakirəyə çıxarılır.


Bu cür paylaşımların hansı məqsədlə edildiyi, onların fərdi təşəbbüs, yoxsa müəyyən dairələrin maraqları çərçivəsində həyata keçirildiyi suallar doğurur. Eyni zamanda, məsələ ilə bağlı yayılan məlumatların nə dərəcədə real faktlara əsaslandığı da müzakirə mövzusudur.


Bu paylaşımlar sadəcə sosial media istifadəçilərinin şəxsi mövqeyidir, yoxsa arxasında müəyyən siyasi və ya təşkilati qüvvələrin olması ehtimalı var? Xaricdə yaşayan və ya fəaliyyət göstərən blogerlərin Azərbaycanla bağlı məlumat yayarkən məsələni birtərəfli təqdim etməsi hansı nəticələrə səbəb ola bilər? Azərbaycan bu tip sosial media kampaniyalarına qarşı hansı addımları atmalıdır?


Məsələ ilə bağlı Milli Məclisin deputatı Zahid Oruc Sfera.az-a açıqlama verib.

Deputat öz dövlətçilik ənənələri olan və 6 əsrdən çox imperiya qurucusu kimi tarixdə qalan bir dövlətin hazırkı gerçəkliyində, hətta hakim partiyanın özünün içərisində neo-osmançılıq baxışlarının xeyli üstünlük təşkil etdiyini və onların mühüm bir hissəsinin İslam dünyasında liderliyə dair bir strategiyanın yürüdülməsi üzərindən siyasətin aparılması tərəfində olduğunu açıqlayıb:


“Millətçilik baxışlarının özünə münasibətdə də daxildə çox geniş diskussiyalar aparılır. Hazırkı dönəmdə Azərbaycanda gedən proseslərə münasibətdə qeyd etdiyiniz, xüsusilə də radikal dinçi dairələr, Fələstin mövzusunu uzun illərdir daim diqqətdə saxlayan qruplar, həmçinin solçular və bir sıra ölkələrin kripto qüvvələri artıq dərəcədə kənardan informasiya məkanına daim nəzarət etmək və Türkiyə ictimai fikrini parçalamağa xidmət edən qrupların aktiv mövqeyini göstərirlər. Onlar ölkəmizin həyatında baş verən istənilən məsələni öz mənafeləri prizmasından dəyərləndirərək ona qarşı əksər hallarda etirazlar, əks mövqelər irəli sürürlər və bu, sistemli bir kampaniya halındadır. Əvvəlki dövrlərdə biz şahidi olmuşduq ki, SOCAR-ın oradakı ofisinə edilən davamlı hücumlar, həmçinin Azərbaycan-İsrail münasibətlərinin həmişə guya İslam mənafelərinə zidd bir siyasət kimi dəyərləndirilməsi, az qala Fələstin xalqının faciələrində onun rolunun vurğulanması və media təbliğatları da Azərbaycanı hədəfə gətirmək, onu daim günahlandırmaq və xarici siyasətinə bu və ya digər formada təzyiq göstərmək niyyəti ilə edilirdi. Əslində orada yer alan əsas tezislərin bir qismi ölkəmizlə istər Avropa, istər qonşu dövlətlərin münasibətlərindən qaynaqlanırdı. Yəni oradakı kəşfiyyat-casus qrupları müxtəlif paytaxtlara bağlıdırlar. Yalnız Türkiyə içərisində sadə vətəndaş mövqeyi kimi onlar gündəliyə gətirilmir. İndiki halda biz konkret olaraq ondan danışırıq ki, Azərbaycan Konstitusiyasında dövlətimizin dünyəvi quruluşu təsbit olunub. Bu, bizim böyük nailiyyətimizdir. Çünki ölkəmiz dünyaya bütün dinlərə geniş meydan verməklə yanaşı, onun siyasi quruluşu əsasən məhz dünyəvi bir modeldədir. Digər tərəfdən isə hər bir vətəndaşımızın konstitusion prinsiplə dini etiqadına geniş meydan verilir. Təsadüfi deyil ki, Katolik kilsəsi də, pravoslavlıq da, o cümlədən İslam etiqadlı insanlarımız da bir məkanda azad şəkildə yaşaya bilir. Kilsəyə, məscidə, sinaqoqa və sairəyə gedir, müxtəlif rituallarda aktiv iştirak edir və sairə”.


Parlamentarinin sözlərinə görə, hazırda Nazirlər Kabinetinin orta təhsil müəssisələrində vahid geyim formasının pozulmasına qarşı müddəa müəyyənləşdirilir.

O, bu qərarın Azərbaycanın İslam ölkəsi olması amilini qüvvədə saxladığını, lakin digər tərəfdən təhsili dindən ayırdığını, onu bir sıra ölkələrdəki kimi xidmətçiliyə və gələcəkdə az qala fetoçuluğun nəticəsində çevrilən cəhdlərə aparıb çıxaran və terror birləşmələri üçün bazaya çevrilən bir fəaliyyətə yönəltməməyə cəhd etdiyini vurğulayıb:


“Bu, əslində, normal qarşılanacaq bir mövqedir. Təhsilin əsas məsələsi hicab, geyim və ya libas forması olmamalıdır. Bir ölkənin dünyada nüfuz qazanmasının əsas göstəriciləri onun təhsil və elm sahəsində uğurları, texnoloji inkişafı, hərbi gücü, güclü ordusu və əhalisinin sosial rifahıdır. Bu gün sanki İslam ölkələrinin ən böyük probleminin hicab olduğu fikri yaradılır. Bu isə bir ölkənin baxışlarını başqa suveren dövlətə tətbiq etmək cəhdi kimi görünür. Halbuki ərəb ölkələrində də hicab məsələsinə münasibət və qanunlar eyni deyil. Avropa ölkələrində də vahid yanaşma yoxdur. Bu, hər bir ölkənin tarixi, keçdiyi yol və cəmiyyətdəki münasibətlərdən asılıdır. Ona görə də bəzi etirazçı qrupların məqsədi Azərbaycanın da dini qarşıdurmaların mərkəzinə çevrilməsi və ölkəyə müəyyən dini baxışların gətirilməsi ola bilər. Ayrı-ayrı məktəblərdə bir neçə hicablı şagirdin dərsə buraxılmaması isə bütövlükdə cəmiyyətdə ciddi qarşıdurma yaradacaq məsələ deyil. Bu kimi məsələlər qanunvericilik çərçivəsində tənzimlənə bilər. Əvvəlcə geniş araşdırma aparılmalıdır: 1 milyon 200 mindən çox şagird arasında hicablı formada məktəbə gedənlərin sayı nə qədərdir? Bu məsələ ilə bağlı cəmiyyətdə ciddi narazılıq və ya məktəb rəhbərliyi ilə böyük qarşıdurma varmı? Xeyr, belə bir vəziyyət yoxdur. Bu məsələ cəmiyyət daxilində müzakirə və dialoq yolu ilə həll edilə bilər. Çünki söhbət siyasi böhrandan getmir”.


Z.Oruc müxtəlif qonşu ölkələrin öz klerikal sistemlərini, yəni dövlət quruluşlarını dünyaya yaymaq, ixrac etmək niyyəti bu prosesdən istifadə etdiklərini açıqlayıb:


“Biz bunu yaxşı bilirik. Bir qədər əvvəl qardaş ölkədə təhsil sisteminin dini təsirlər altına düşməsinin ağır nəticələrindən danışdım. 2016-cı il 15 iyul hadisələri zamanı FETÖ tərəfdarları hakimiyyəti ələ keçirməyə və dövlət idarəçiliyini dəyişməyə çalışdılar. Bu hadisə göstərdi ki, təhsil gələcək nəsillərin formalaşmasında çox mühüm rol oynayır. Ona görə də təhsil sahəsi hər bir ölkə üçün strateji əhəmiyyət daşıyır. Bu gün Azərbaycan cəmiyyətinin məsələyə münasibəti kifayət qədər soyuqqanlıdır. Ayrı-ayrı etirazlar olsa da, bu məsələlər tədricən öz həllini tapır. Azərbaycan təhsilinin öz problemləri və çağırışları var. Əsas məqsədimiz təhsilin fundamental tələblərini təmin etmək və müzakirələri də məhz bu məsələlər üzərində qurmaq olmalıdır. Sosial şəbəkələrdə, bloqerlər arasında və bəzi xarici mediada müxtəlif fikirlər səslənir. Onların bir qisminin müəyyən mərkəzlərlə əlaqəli olduğu görünür. Bununla yanaşı, məsələlərə müstəqil yanaşan şəxslər də var. Prezident İlham Əliyevin “daxili işlərimizə qarışmasınlar” çağırışının əsas məqsədi də Azərbaycanın suverenliyinin sərhədlərini qorumaqdır. Bu, Türkiyə ilə qardaşlığımıza və “Bir millət, iki dövlət” prinsipinə zidd deyil. Əksinə, bu münasibətləri qorumaqla yanaşı, hər iki ölkənin bir-birinin daxili işlərinə hörmət etməsi vacibdir.

Biz anlamalıyıq ki, başqa ölkələrin idarəçilik və həyat tərzini Azərbaycana tətbiq etmək cəhdləri ciddi nəticələrə səbəb ola bilər. Yaxın Şərqdə dini radikalizmin və qarşıdurmaların hansı nəticələrə gətirdiyini görürük. Bu səbəbdən təhsil və ictimai həyatın radikal dini ideologiyaların təsiri altına düşməsinin qarşısı alınmalıdır. Prezidentin mövqeyi qardaş ölkə üçün də müəyyən mənada nümunə ola bilər. Azərbaycanın öz milli dövlət modeli, həyat tərzi və dünyagörüşü var. Media, ictimai münasibətlər və digər sahələr yalnız dini tələblərə tabe etdirilərsə, bu, cəmiyyətin quruluşunu ciddi şəkildə dəyişə bilər. Bunun nəticələrinin necə olacağını əvvəlcədən düşünmək lazımdır. Cənab Prezident mübarizənin əsas yollarını da göstərib: təbliğata qarşı vaxtında və əsaslandırılmış cavablar verilməli, resurslar artırılmalı, informasiya savadlılığı gücləndirilməli, açıq müzakirələr genişləndirilməli və media daha fəal olmalıdır. Bloqerlər, sosial media istifadəçiləri və ictimai rəy liderləri də bu məsələlərdə öz mövqelərini ortaya qoymalıdırlar. Bizim üçün əsas məsələ odur ki, öz baxışlarını Azərbaycanda da tətbiq etməyə çalışan bəzi dairələr qələbəmizə də “Sizə Qarabağı alıb verdik” yanaşması ilə baxırlar. Ermənistanda isə revanşist və daşnak qüvvələr öz tərəfdarlarına “Azərbaycanla siz yox, başqa dövlət vuruşub” fikrini aşılayırlar. Bu cür təbliğat gələcəkdə Azərbaycana qarşı düşmən münasibətin formalaşmasına səbəb ola bilər".


Millət vəkili ölkə fərqi olmadan dövlətimizə yönəlik olan bütün təhdidlərə cavab veriləcəyini bildirib:

"Rusiya AZAL təyyarəsini vuranda, Avropadan, ABŞ-dən və İrandan Azərbaycana qarşı müxtəlif hücumlar səslənəndə necə münasibət göstərmişiksə, Türkiyədə Azərbaycana qarşı yanlış və sifarişli fəaliyyət göstərən dairələrə də münasibətimizi bildirməliyik. Eyni zamanda, Türkiyədə bir çox aydın şəxsin Azərbaycanın müstəqil dövlət olduğunu və öz siyasətini özü müəyyən etmək hüququna malik olduğunu vurğulaması müsbət haldır. Onlar hesab edirlər ki, Türkiyə Azərbaycanın daxili məsələlərinə müdaxilə etməməlidir. Çünki Türkiyənin özündə də bu məsələlərlə bağlı fərqli fikirlər var. Azərbaycanın həyata keçirdiyi siyasət isə təkcə Azərbaycan üçün deyil, qardaş Türkiyə və İslam dünyası üçün də nümunə ola bilər”.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR