Türkiyə ilə Pakistan hərbi qüvvələri Səudiyyə Ərəbistanında yerləşdiriləcək

Türkiyə ilə Pakistan hərbi qüvvələri Səudiyyə Ərəbistanında yerləşdiriləcək
Kateqoriya məlum deyil
T

Yəməndə İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanına ballistik raket hücumlarından sonra Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın iştirakı ilə Məkkə Müdafiə İttifaqının Strateji Siyasi və Müdafiə Komitəsinin fövqəladə iclası keçirilib.

Sfera.az xəbər verir ki, görüşdə Səudiyyə Ərəbistanının müdafiəsinin gücləndirilməsi ilə bağlı bir sıra qərarlar qəbul olunub.


İclasın yekunlarına dair yayılan birgə açıqlamada bildirilib ki, kollektiv müdafiə öhdəliklərinin icrasına təcili başlanılacaq. Bu çərçivədə tərəflərin milli qanunvericiliyinə uyğun olaraq razılaşdırılmış hərbi qüvvə və imkanların Səudiyyə Ərəbistanına təmin edilməsi, həmçinin onların sürətlə yerləşdirilməsi üçün müvafiq tədbirlər görüləcək.
Bildirilib ki, məqsəd mümkün təhdidlərə qarşı hazırlıq səviyyəsini, hərbi inteqrasiyanı və kollektiv müdafiə imkanlarını gücləndirməkdir.


Açıqlamada Məkkə və Mədinənin hədəfə alınmasına yönələn cəhdlər, eləcə də Səudiyyə Ərəbistanının şəhərlərinə, mülki və iqtisadi obyektlərinə qarşı davam edən hücumlar kəskin şəkildə pislənib. Tərəflərin ölkənin təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı hər hansı hücum və ya təhdidi qəti şəkildə rədd etdiyi vurğulanıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan toplantıdan sonra jurnalistlərə açıqlamasında Yəmən məsələsi və Səudiyyə Ərəbistanına göstərilə biləcək müdafiə dəstəyi ilə bağlı müzakirələr aparıldığını bildirib.


“Yəmən məsələsi ilə bağlı, xüsusilə Səudiyyə Ərəbistanının müdafiəsinə hansı dəstəklərin verilə biləcəyini müzakirə etdik. Digər tərəfdən, problemin sülh yolu ilə, dialoq vasitəsilə həlli üçün nələr edilə biləcəyini də bütün aspektləri ilə nəzərdən keçirdik. Səudiyyə Ərəbistanının bu problemin həlli ilə bağlı həqiqətən çox konstruktiv yanaşması var. Onu da yenidən dinləmək imkanımız oldu. Bir sıra fikirlərimizi bölüşdük. Prezidentimizin bu məsələdə ortaya qoyduğu iradə var. Təbii ki, bu iradənin əks-sədası olaraq burada bir sıra qərarlar qəbul etdik”, - deyə Fidan bildirib.


Qeyd edək ki, Məkkə Birgə Müdafiə Sazişi avqustun 7-də Məkkədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən imzalanıb.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR