Trampa etimad azalıb - "Bu, seçkilərə təsir göstərəcək"

ABŞ-də qarşıdakı aralıq seçkilərlə bağlı siyasi müzakirələr getdikcə intensivləşib. Prezident Donald Trampın fəaliyyəti, administrasiyasının daxili və xarici siyasətdə atdığı addımlar, eləcə də ölkədəki siyasi proseslər seçkilər ərəfəsində diqqət mərkəzindədir.
Xüsusilə Trampın İranla bağlı siyasəti və bu istiqamətdə atılan addımların ölkə daxilində yaratdığı reaksiyalar müzakirə olunan məsələlər sırasındadır.
Bu proses fonunda Trampın fəaliyyətinin respublikaçıların seçki mövqeyinə mümkün təsiri də gündəmə gəlib. ABŞ-də prezidentlərin fəaliyyəti növbəti seçkilərin nəticəsinə təsir edirmi? Bu nə dərəcədə real fikirdir?
Bu haqda politoloq Cavanşir Abbaslı Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ də daxil olmaqla, dövlət başçısının fəaliyyəti onun təmsil etdiyi siyasi qüvvənin seçki nəticələrinə təsir göstərə bilər:

“Təbii ki, bütün ölkələrdə dövlət başçılarının fəaliyyəti onların təmsil etdikləri hakimiyyətin, düşərgənin iqtidarda qalmasına birbaşa təsir göstərir. Amerika da burada istisna deyil. Trampın hazırkı fəaliyyəti sanki birbaşa respublikaçıların seçkilərdə, xüsusilə də aralıq seçkilərində məğlubiyyətinə yönəlib. Noyabrın 3-nə çox az zaman qalır. Keçirilən sorğular da göstərir ki, Tramp administrasiyasının “əcəl zəngi” çalınmaqdadır. Qarşıdakı bir aya yaxın müddətdə nələrin dəyişəcəyini görəcəyik. Amma Trampın İran bataqlığına düşməsi, ölkəsini İran bataqlığına salması birbaşa onun ölkədəki nüfuzuna təsir etməkdədir”.
Politoloq Trampın İran siyasətinin seçicilərin mövqeyinə təsir edən əsas məsələlərdən birinə çevrilə biləcəyini hesab edir:
“Günlər öncə bir sorğu keçirildi və həmin sorğuda amerikalı respondentlərin 61 faizi Trampın İranla müharibəsinin əleyhinə olduqlarını ifadə etdilər. Bu isə, təbii ki, seçkilərə təsir edə bilər. Düşünürəm ki, respublikaçılar aralıq seçkilərini udsalar da, gələcəkdə Trampın hakimiyyəti üçün ciddi bir mesaj olacaq. Trampın növbəti prezident seçkiləri üçün iki illik zamanı var. Heç şübhəsiz ki, onun hədəflərindən biri də ikinci dönəm üçün Amerikada prezident seçilməkdir. Proseslər onu göstərir ki, aralıq seçkilərini güc-bəla ilə udsa belə, prezident seçkilərində qələbəsi çox ciddi bir problemə çevrilə bilər. Amma hər şeyi zamana buraxmaq lazımdır”.
Bəsti Rəfizadə
Sfera.az






