3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
3 oktyabr Türk dünyası üçün əlamətdar günlərdən biridir.
Bu tarix türk dövlətləri arasında əməkdaşlığın, həmrəyliyin və ortaq dəyərlər əsasında əlaqələrin inkişafının simvolu kimi qeyd olunur.
Sfera.az xəbər verir ki, 3 oktyabr 2009-cu ildə Naxçıvanda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında imzalanmış Naxçıvan Sazişi ilə türk dövlətləri arasında əməkdaşlığın institusional əsasları gücləndirilib. Sonrakı illərdə bu proses daha da genişlənərək Türk Dövlətləri Təşkilatının formalaşmasına gətirib çıxarıb. Hazırda Türk Dövlətləri Təşkilatına Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan üzv dövlətlər kimi daxildir. Təşkilat çərçivəsində siyasi, iqtisadi, nəqliyyat, enerji, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində iş aparılır.
Türk dövlətləri arasında əlaqələrin inkişafında ortaq dil, tarix və mədəni irs mühüm amillərdən biri hesab olunur. Xüsusilə son illərdə qarşılıqlı ticarətin artırılması, nəqliyyat dəhlizlərinin inkişafı, investisiya imkanlarının genişləndirilməsi və humanitar əlaqələrin gücləndirilməsi istiqamətində bir sıra təşəbbüslər irəli sürülüb. Azərbaycan da Türk Dövlətləri Təşkilatında fəal iştirak edən ölkələrdən biridir. Ölkəmizin təşəbbüsü ilə keçirilən müxtəlif görüşlər və sammitlər türk dövlətləri arasında əməkdaşlığın gündəliyinin genişlənməsinə xidmət edir. 3 oktyabr həmçinin türk dövlətləri arasında birlik və əməkdaşlıq ideyasının əhəmiyyətini bir daha gündəmə gətirən tarix kimi qiymətləndirilir.
Bəsti Rəfizadə
Sfera.az






