Kərki Azərbaycana qaytarılır?

Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya prosesi davam edərkən, hazırda Ermənistanın nəzarətində olan Kərki kəndinin taleyi də diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikasının Sədərək rayonuna aid olan bu eksklavın Azərbaycana qaytarılması məsələsi sərhədlərin müəyyənləşdirilməsi çərçivəsində mümkün müzakirə mövzularından biri kimi qiymətləndirilir.
Bəs Kərkinin taleyi ilə bağlı danışıqlar delimitasiya prosesinin hansı mərhələsində gündəmə gələ bilər və yaxın perspektivdə kəndin Azərbaycana qaytarılması nə dərəcədə realdır?
Sfera.az bildirir ki, mövzu ilə bağlı konkret.az-a açıqlamasında politoloq Aydın Tağıyev bildirib ki, Kərki kəndi Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesində ən həssas məsələlərdən biridir.
“Hazırda tərəflər sərhədin müəyyənləşdirilməsi istiqamətində xəritələrin uyğunlaşdırılması və sovet dövrünə aid inzibati sərhədlərin hüquqi əsaslarının təsdiqi üzərində işləyirlər. Bu baxımdan, Kərki kimi eksklavların statusu da delimitasiya çərçivəsində müzakirəyə çıxarıla bilər.
Sovet dövründə Kərki Azərbaycanın tərkibində olub və bu fakt kəndin hüquqi statusunun müəyyənləşdirilməsi zamanı əhəmiyyət daşıyır”.
Aydın Tağıyevin fikrincə, Kərki məsələsi yalnız geniş sülh gündəliyinin tərkib hissəsi kimi müzakirə oluna bilər. Çünki Ermənistan rəhbərliyi bu məsələnin ölkənin daxili ictimaiyyətinə izah edilməsində siyasi çətinliklərlə üzləşər.
“Kərkinin Azərbaycana qaytarılması Bakı üçün strateji əhəmiyyət daşısa da, Ermənistan tərəfindən ciddi siyasi güzəşt kimi qəbul edilə bilər. Kəndin taleyi Qazax rayonunun işğal altında olmuş kəndləri ilə bağlı danışıqlar çərçivəsində də müzakirə olunar. Qazax kəndləri üzrə kompromis əldə ediləcəyi təqdirdə, Kərki məsələsinin də paralel şəkildə gündəmə gətirilməsi mümkündür”.
A.Tağıyev vurğulayıb ki, bu prosesin gedişinə Ermənistanın daxili siyasi vəziyyəti və beynəlxalq vasitəçilik amilləri də təsir göstərə bilər.
Politoloqun qənaətinə görə, Kərki məsələsinin delimitasiyanın hüquqi müzakirə mərhələsində gündəmə gəlməsi mümkündür. Bununla belə, yaxın perspektivdə kəndin Azərbaycana qaytarılması ilə bağlı konkret razılaşmanın əldə olunması ehtimalı məhduddur. Hazırkı mərhələdə məsələnin hüquqi əsaslarının müəyyənləşdirilməsi və siyasi gündəliyə daxil edilməsi daha real görünür.
Beləliklə, Kərkinin Azərbaycana qaytarılması delimitasiya prosesinin həssas istiqamətlərindən biri olaraq qalır. Qazax kəndləri ilə bağlı mümkün razılaşmalar isə bu məsələnin gələcək müzakirələrinə təsir edə biləcək amillərdən biri kimi dəyərləndirilir.






