Misir və Efiopiya arasında diplomatik gərginlik artıb

Misir və Efiopiya arasında diplomatik gərginlik daha da artıb. Tərəflər bir-birinin yüksəkvəzifəli diplomatlarını “persona non grata” elan edərək ölkədən çıxarılmasını tələb edib.
Sfera.az xəbər verir ki, “The National”ın məlumatına görə, Efiopiya Xarici İşlər Nazirliyi Misirin diplomatik nümayəndəliyinin rəhbər vəzifəli şəxsi Əhməd Moharam Əhməd Süleymana ölkəni 48 saat ərzində tərk etməsi barədə göstəriş verib. Qərarın səbəbləri rəsmi olaraq açıqlanmayıb.
Buna cavab olaraq Misir hökuməti də Efiopiyanın Qahirədəki səfirliyinin müşavirinə ölkəni iki gün ərzində tərk etməsi barədə göstəriş verib.
Bundan əvvəl Eritreya hakimiyyəti Efiopiya ilə diplomatik münasibətləri tamamilə kəsmək qərarına gəlib. Bu addım Efiopiyanın Eritreyadakı səfirliyini bağlamaq və 10 Eritreya diplomatını “persona non grata” elan etmək qərarından sonra atılıb.
“The National” qeyd edib ki, Əddis-Əbəbə Misir, Eritreya və Sudanın yaxın vaxtlarda yaradılan və Tiqray Xalq Azadlıq Cəbhəsinin (TXAC) rəhbərlik etdiyi müxalif silahlı qruplaşmalar ittifaqına dəstək verdiyini iddia edib. Sözügedən ölkələrin hakimiyyətləri isə bu ittihamları rədd edib. Eyni zamanda, Efiopiyanın şimalında federal qüvvələrlə TXAC arasında ötən həftə yenidən döyüşlər başlayıb.
Bəsti Rəfizadə
Sfera.az






