İrəvan terroru himayə edir – AŞPA-da çıxış
Millət vəkili Qənirə Paşayeva AŞPA-da çıxış edərək Ermənistanın terroru dövlət səviyyəsində dəstəklədiyini bəyan edib.
Sfera.az xəbər verir ki, millət vəkili AŞPA-nı terrorçuları qəhrəman elan edib, heykəllər qoyan Ermənistana qarşı ciddi addımlar atmağa çağırıb. O bildirib ki, Avropa Şurasına üzv ölkərin hamısında insanlar terror hadisələrinin artmasından son dərəcə narahatdır və artıq heç kim özünü güvənlikdə hiss etmir:
"Mən Ermənistan tərəfindən dəstəklənən çoxlu terror aktlarından əziyyət çəkən bir ölkənin təmsilçisi olaraq sizə bunu söyləmək istəyirəm. Avropa, Avropa Şurası və AŞPA terrorizmə qarşı mübarizədə ikili standartlardan əl çəkilməlidir. Harada, kimlər tərəfindən, kimlərə qarşı törədilməsindən asılı olmayaraq, etnik və dini ayrım etmədən, Avropa, Avropa Şurası və AŞPA terrora qarşı sərt mübarizə aparmalıdır. Biz getdikcə daha da artan terror hadisələrinə qarşı birgə daha effektiv mübarizə apara bilərik.
Mənim ökəm Azərbaycanda bir neçə il əvvəl Ermənistan dövləti tərəfindən dəstəklənən terror hadisələri baş verdi. Metro, avtobus və qatarlar terrorun hədəfi oldu. Çoxlu insanlar həyatını itirdi, yaralandı və əlil oldu. Amma bu terroru planlayanlar, təşkil edənlər Ermənistan tərəfindən himayə edildi, qorundu və hələ də orada gizlənirlər. Məsələn, bütün dünyada tanınan ASALA terror təşkilatı liderlərindən Monte Melkonyan Azərbaycan torpaqlarının işğalında, azərbaycanlıların qətlə yetirilməsində birbaşa rol oynadı. Amma Ermənistan sivil insanları qətlə yetirən bu terror liderini milli qəhrəman elan etdi və ona abidə ucaltdı.
Təəssüf ki, yüzlərlə insanımız, uşaqlarımız Ermənistan tərəfindən dəstəklənən terrorun qurbanı olsa da, bizim səsimiz, çağırışlarımız burada, Avropa ölkələrində duyulmadı və biz terrorla mübarizədə sizdən yetərli dəstəyi ala bilmədik. Biz Paris, London, Belçika və ya Avropanın hər hansı bir yerində terror baş verəndə hər zaman lənətlədik, yanınızda olduğumuzu bəyan etdik. Biz Avropa ölkələrindən də eyni münasibəti gözləyirik və bu bizim haqlı tələbimizdir.
Avropanın Azərbaycana qarşı göstərdiyi ikili standartları Türkiyəyə qarşı da göstərməsini üzülərək izləyirik. Bu gün Türkiyə bir çox terror təşkilatlarına qarşı ciddi şəkildə mübarizə aparır. Türkiyə bu gün terrorla mübarizədə çoxlu şəhidlər verir. Təəssüf ki, bəzi Avropa ölkələri Türkiyənin mübarizə apardığı terror təşkilatlarına dəstək göstərir. Bu, son dərəcə üzücü, üzücü olduğu qədər də qəbuledilməzdir. Assambleyamızı və üzv ölkələri terrorla mübarizədə Türkiyəyə daha çox dəstək verməyə çağırırıq”.






