Deputatdan ETİRAZ: "Sabit mühiti pozmayın"

Deputatdan ETİRAZ: "Sabit mühiti pozmayın"
Kateqoriya məlum deyil
T

Milli Məclisin deputatı Razi Nurullayev dövlət qulluğu sertifikatının qüvvədəolma müddətinin 5 ildən 2 ilə endirilməsi təklifinə etiraz edib.

Sfera.az xəbər verir ki, deputat parlamentdə çıxışı zamanı bildirib ki, dövlət qulluqçularının davamlı imtahan həyəcanı və təzyiqi altında saxlanılması düzgün yanaşma deyil:

“Belə çıxır ki, insanın ömrü imtahan verməklə keçəcək. İnsan nə vaxt işləyəcək, nə vaxt təcrübə toplayacaq, nə vaxt özünü peşəkar kimi inkişaf etdirəcək? Biz insanları dövlət qulluğuna cəlb etməli, onların peşəkar inkişafına şərait yaratmalı və sabit iş mühiti formalaşdırmalıyıq. Amma imtahanların bu şəkildə tez-tez keçirilməsi həmin sabit mühiti pozur”.

Razi Nurullayev imtahanı uğurla keçərək sertifikat alan şəxslərin sonrakı taleyi ilə bağlı da konkret mexanizm yaradılmasını təklif edib.

O bildirib ki, dövlət qulluğu imtahanından uğurla keçmiş və sertifikat almış şəxs ən geci 3-6 ay ərzində öz ixtisasına uyğun vakant dövlət qulluğu vəzifələrinə müraciət etmək və işlə təmin olunmaq üçün real imkan əldə etməlidir.

“Burada söhbət ondan getmir ki, imtahanı keçən hər kəs avtomatik olaraq istədiyi vəzifəyə təyin olunsun. Təbii ki, vəzifənin tələbləri, müsabiqə və digər prosedurlar qalmalıdır. Amma dövlət bir insanı imtahandan keçirib sertifikat verirsə, sonra onu illərlə gözlətməməlidir. İnsan bilməlidir ki, bu imtahanın sonunda onun qarşısında konkret bir karyera yolu var”, - deyə deputat vurğulayıb.

Deputat sonda sertifikatın qüvvədəolma müddətinin 5 ildən 2 ilə endirilməsi məsələsinə yenidən baxılmasını və imtahanı uğurla keçən şəxslərin 3-6 ay ərzində uyğun dövlət qulluğu vəzifələri üzrə işlə təmin olunmasına dair konkret mexanizmin Məcəllədə əksini tapmasını təklif edib.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR