Şahmar Mövsümov Parlamentə geri qaytarılmış qanundan danışdı

“Rəqəmsal texnologiyalar sahəsi subyektləri üçün bir sıra güzəşt və imtiyazlar” nəzərdə tutan qanun layihəsi təkmilləşdirilərək yenidən Milli Məclisin müzakirəsinə təqdim edilib.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
O bildirib ki, Milli Məclis tərəfindən qəbul olunan 453 nömrəli Qanun Azərbaycan Respublikası Konstitusiyasının 110-cu maddəsinə uyğun olaraq Prezident tərəfindən yenidən baxılması üçün parlamentə qaytarılıb. Bu müddət ərzində sənəd aidiyyəti dövlət qurumları ilə birlikdə təkrar müzakirə olunaraq təkmilləşdirilib.
Ş.Mövsümovun sözlərinə görə, qanunun yenidən Milli Məclisə qaytarılması dövlət dəstəyinin hədəflərinin və tətbiq mexanizmlərinin dəqiqləşdirilməsinə imkan yaradıb. O qeyd edib ki, layihə yalnız vergi və sosial güzəştlərlə məhdudlaşmır, həmçinin rəqəmsal ekosistem üçün mütəxəssis, investor, tədqiqat və bazar istiqamətlərini vahid təşviq yanaşmasında birləşdirməyi və innovasiyaların yeni məhsul və xidmətlərə çevrilməsini hədəfləyir. Prezidentin köməkçisi qanun layihəsinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində də müzakirə edildiyini və bununla bağlı müvafiq rəy hazırlandığını bildirib.
“Qanunun təkmilləşdirilmiş redaksiyası tərəfimizdən dəstəklənir və hörmətli millət vəkillərini bu redaksiyanı dəstəkləməyə çağırıram”, - Ş.Mövsümov əlavə edib.
Firuzə Əliyeva






