Dağ-mədən və metallurgiya strategiyasının iki əsas hədəfi

Dağ-mədən və metallurgiya strategiyasının iki əsas hədəfi
Kateqoriya məlum deyil
T

Dağ-mədən və metallurgiya sənayesinin gələcək inkişaf proqramının ən vacib olan iki mühüm aspekti diqqəti cəlb edir:

- Xammaldan son məhsula qədər tam istehsal zəncirinin təşkili;

- Azərbaycfanı strateji minerallar üzrə regional mərkəzə çevirmək.

Bu hədəflər xarici iqtisadi əlaqələrlə daxili iqtisadi və sosial siyasəti uzlaşdıran hədəflərdir.

Xammaldan son məhsula qədər tam istehsal zənciri

Prezident İlham Əliyevin sentyabrın 22-də keçirdiyi müşavirədə dağ-mədən və metallurgiya sənayesinin gələcək inkişafına dair qoyduğu ən mühüm tələb məhz "xammaldan son məhsula qədər tam istehsal zəncirinin" yaradılmasıdır. Sektorun sadəcə xammal hasilatı ilə məhdudlaşmaması, filizin çıxarılmasından başlayaraq zənginləşdirmə, pelet və briketlənmiş dəmir zavodlarının yaradılması yolu ilə son sənaye məhsulunun istehsalına qədər tam bir dövrü əhatə etməsi planlaşdırılır.

Hasil edilmiş filizin zənginləşdirilməsi nəticəsində toz halında dəmir filzi konsentratı əldə edilir. Növbəti emal mərhələsində isə bu konsentratdan, tərkibində ≥65-67% dəmir (Fe) olan, bərk, sferik (dairəvi) formalı kürəciklər, yəni dəmir filizi pelleti istehsal edilir. Pellet toz halında olmadığı üçün isti briketlənmiş dəmir istehsalı zamanı sobanın daxilində hava axınını kəsmir və asanlıqla reduksiya prosesini homogen şəkildə həyata keçirməyə imkan verir. Briketlənmiş dəmir zavodunun son məhsulu artıq filiz deyil, 90-95% xalis metal tərkibli kiçik kərpic şəklində preslənmiş polad istehsalı üçün xammaldır.

Çox təfərrüatlara getmədən qeyd edək ki, sonrakı emal mərhələləri də Azərbaycanda mümkündür. Beləki, məsələn, Daşkəsəndən çıxan xam filiz Şəmkirdə briketə çevriləcək, daha sonra Sumqayıt və Bakıdakı poladəritmə zavodlarında əridilərək Azərbaycanın öz neft, tikinti və maşınqayırma sənayesini yerli poladla təmin edəcək. Bu inteqrasiya Azərbaycan iqtisadiyyatına milyardlarla dollar əlavə dəyər qazandıracaq.

Bu da domino effekti ilə bütün başqa sahələrə təsir edəcək.

- sənaye sektorunda yeni istiqamət yaradılacaq;

- yüksək ixtisaslı kadrlara tələbatı artıracaq;

- regionlarda məşğulluğu artıracaq;

- iqtisadi fəallığa təkan verəcək.

Strateji minerallar üzrə regional emal mərkəzinə çevrilmək

Azərbaycanın strateji minerallar üzrə regional emal mərkəz çevirmək strategiyası isə baş tutacağı təqdirdə 1) yeni zavodları daha çox xammalla təmin edərək onların tam istehsal gücü ilə işləməsini təmin edəcək, 2) Cənubi Qafqazın və Mərkəzi Asiya ilə Cənubi Qafqaqzın iqtisadi inteqrasiyasına təkan verəcək, 3) ölkəmizin iqtisadi strateji əhəmiyyətini və 4) xarici investisiyalar üçün cəlbediciliyini artıracaq. Nəhayət, 5) Orta Dəhlizin rentabelliyinə müsbət təsir edəcək.

İclasda səsləndiyi kimi Mərkəzi Asiya-Avropa dəhlizi üzərindəki coğrafi mövqeyimizin verdiyi üstünlüklər, indiyə qədər aparılmış infrastruktur quruculuğu, Ələt Azad İqtisadi Zonası, həm yürüdülən xarici siyasət, həm də Mərkəzi Asiya və Cənubi Qafqazın xammal potensialına çıxış imkanları Azərbaycanın regional emal mərkəzinə çevrilmək imkanlarını genişləndirir. Rəqabətqabiliyyətli enerji qiymətləri isə istehsal prosesində ölkəmizin mühüm üstünlüyüdür. Beləki, metallurgiya sənayesi həddindən artıq böyük elektrik enerjisi və təbii qaz tələb edir. Bu səbəbdən enerji resursları qıt olan ölkələr filizi öz ölkəsində son məhsula qədər emal etməkdə çətinlik çəkir, yaxudb da keyfiyyəti aşağı ola bilir. Azərbaycan isə ucuz qaz və elektrik enerjisi ilə bu emalı daha səmərəli reallaşdıra bilər.

Enerji resursları və təqdim etdiyi əlverişli nəqliyyat infrastrukturu Azərbaycanın yeganə rəqbət üstünlüyü deyil. Yeni yaradılacaq zavodlar ən son texnologiyalarla qurulacağı təqdirdə, bu təbii ki, belə olacaq, bu, son məhsulun keyfiyyətini yüksəldəcək və maya dəyərini aşağı salacaq. Bununla da, əlverişli enerji təminatı, əlverişli nəqliyyat, daşıma imkanları və maya dəyəri aşağı, keyfiyyəti isə yüksək olan son məhsul təklifləri Azərbaycanı regionun metallurgiya mərkəzinə çevrilməsini labüd edəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR