Dövlət Proqramı Azərbaycanın iqtisadi təhlükəsizliyini gücləndirəcək

Qlobal proseslər təhlükəsizlik arxitekturasına təsir etdiyi kimi, dünya iqtisadiyyatını da əhəmiyyətli dərəcədə təsirləndirir və yeni çağırışların meydana çıxmasına zəmin yaradır. Strateji nəqliyyat dəhlizlərində və logistik bağlantılarda davam edən gərginlik oturuşmuş iqtisadi əlaqələri də ciddi təhdidlərlə üz-üzə qoyur. Nəticədə ekoloji, ərzaq və enerji təhlükəsizliyi kimi məsələlərlə yanaşı, rəqəmsallaşma, yüksək texnologiyalı sənayenin inkişafı və təchizat zəncirlərinin yenidən formalaşması ön plana çıxır.
Olduqca təhlükəli çağırışlar fonunda bir qanunauyğunluq dəyişməz qalır: geosiyasi və geoiqtisadi proseslər bir-birini qarşılıqlı şəkildə təsirləndirməkdə davam edir. Müasir dövrdə təbii resurslarla yanaşı, strateji dəhlizlərə çıxışın və onlara nəzarətin təmin olunması geosiyasi qarşıdurmanın tərkib hissəsidir. Bu, nəinki ərzaq və enerji təhlükəsizliyi məsələlərində, iqtisadiyyatın digər sahələrində də idxal-ixrac asılılığının minimum səviyyəyə endirilməsini qaçılmaz edir. Qara, əlvan və qiymətli metalların, o cümlədən nadir torpaq elementlərinin geoloji kəşfiyyatına, bu sahədə hasilat ilə emal arasında suveren iqtisadi zəncirin yaradılmasına artan tələbat bu reallıqla bağlıdır.
Bərpaolunan enerji mənbələri, elektrikli nəqliyyat, enerji saxlama sistemləri, yarımkeçiricilər, həmçinin süni intellekt və müdafiə sənayesində bu resurslara duyulan ehtiyacı və kəskin rəqabəti nəzərə aldıqda, onların hasilatına göstərilən qlobal marağın səbəblərini tam çılpaqlığı ilə görə bilərik. Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə həm də bu reallıqla- dünyanın təhlükəsizlik arxitekturasında və qlobal iqtisadiyyatda baş verən ciddi çağırışlarla bağlıdır.
Cənab Prezidentin müşavirədə səsləndirdiyi bu fikir Dövlət Proqramında nəzərdə tutulan vəzifələrin ölkə iqtisadiyyatı üçün vacibliyini əyani şəkildə nümayiş etdirir: “Bu sahə ölkə iqtisadiyyatı üçün, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyır, çox perspektivli sahədir. Düzdür, maliyyətutumlu sahədir, amma eyni zamanda, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır. Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək”.
O da danılmaz həqiqətdir ki, Dövlət Proqramının qəbulu təkcə geosiyasi çağırışlarla bağlı deyil və bu cür proqramlar, ilk növbədə, ölkəmizin iqtisadi inkişaf konsepsiyasını müəyyən edən dövlət siyasətinin tərkib hissəsidir. Azərbaycan Prezidentinin 2020-ci il 16 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024- cü illər üçün Dövlət Proqramı” hazırkı Proqramın baza sənədlərindən biridir və qərarların ardıcıllığı göstərir ki, onların hər biri dərin iqtisadi təhlilə və strateji iqtisadi vizyona söykənir. Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildikdən sonra, 16 noyabr 2022-ci ildə imzalanmış 3587 nömrəli digər Prezident Sərəncamı da həmin strateji vizyonun mühüm tərkib hissəsidir.
Bu gün etiraf edilməli olan və artıq bir çox aktorlar tərəfindən qəbul edilən həqiqətlərdən biri də onunla bağlıdır ki, Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi və geoiqtisadi reallıq bu cür strateji Proqramların qəbul olunmasını və onların uğurlu icrasını mümkün edir. Azərbaycan Prezidentinin sentyabrın 23-də təsdiq etdiyi Dövlət Proqramında bu məqam xüsusi olaraq vurğulanır: “Əlavə olaraq, geosiyasi dəyişikliklər və beynəlxalq təçhizat zəncirlərinin şaxələndirilməsi nəticəsində regional istehsal və emal mərkəzlərinin rolu artmışdır. Bu baxımdan Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsi ilə yanaşı, regional sənaye kooperasiyasının və əlavə dəyər zəncirlərinin inkişafı üçün yeni imkanlar yaradır. Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin mineral-xammal potensialı və qlobal bazarlara çıxış imkanlarının genişlənməsi regionda emal sənayesinin inkişafı və istehsal əlaqələrinin gücləndirilməsi üçün əlavə imkanlar formalaşdırır”.
Ötən səkkiz ayda qeyri-neft sektorunda əldə olunan 5,4 faizlik artım deməyə əsas verir ki, bu sahənin potensialı daha genişdir və qəbul edilən Dövlət Proqramları həmin potensialdan daha səmərəli istifadəyə xidmət edir. Proqramların konkretliyini, qısamüddətliyini və hər ilin dövlət büdcəsində onların icrası üçün maliyyə təminatının müəyyən edildiyini nəzərə alaraq, əminliklə deyə bilərik ki, onların həyata keçirilməsi ölkəmizin iqtisadi təhlükəsizliyini daha da gücləndirəcək. Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi növbəti fikir də dövlət siyasətinin prioritet vəzifələrini açıq mətnlə təsbit edir: “Amma bu proqramlar həm ölkə iqtisadiyyatını gücləndirəcək, eyni zamanda, vətəndaşların sosial vəziyyətini və müasir infrastrukturla təmin olunmasını təmin edəcəkdir”.
Qəbul edilən Dövlət Proqramı yerli və xarici investisiyaları, həmçinin ölkəmizdə iqtisadi fəallığı stimullaşdırmaqla yanaşı, büdcə gəlirlərinin artımına və neft hasilatından asılılığın əhəmiyyətli dərəcədə azalmasına imkan verəcək.
Ülvi Quliyev,
Milli Məclisin deputatı






