Trampdan yeni SANKSİYA

ABŞ Prezidenti Donald Tramp administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı genişmiqyaslı sanksiyalar paketi hazırlayıb.
Sfera.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Məlumata görə, yekun qərarın bu həftə ərzində qəbul ediləcəyi gözlənilir. Sanksiyaların BCM təşkilatına qarşı tətbiq ediləcəyi təqdirdə, ABŞ vətəndaşlarına və şirkətlərinə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) xüsusi lisenziyası olmadan məhkəməyə maliyyə vəsaiti, mal və xidmətlər təqdim etmək qadağan ediləcək. Bildirilib ki, bu məhdudiyyətlər məhkəmənin fəaliyyətini ciddi şəkildə çətinləşdirə bilər. Belə ki, BCM-in İT xidmətləri və sığorta əldə etməsi, müstəntiqləri işə götürməsi və gündəlik maliyyə əməliyyatlarını həyata keçirməsi problemə çevriləcək.
Həmçinin ABŞ vətəndaşı olan onlarla BCM əməkdaşının maaşlarının ödənilməsi də risk altına düşəcək. Sentyabrın 20-də “The Wall Street Journal” ABŞ rəsmiləri və sənədlərə istinadən administrasiyanın BCM-ə qarşı genişmiqyaslı sanksiyalar hazırladığını yazıb.
Qeyd olunub ki, məhdudiyyətlər məhkəmə ilə həyata keçirilən maliyyə əməliyyatlarının böyük hissəsini əhatə edə bilər. Nəşrin məlumatına görə, bu addım dollarla aparılan əməliyyatların qadağan edilməsi və BCM-in qlobal maliyyə sisteminin böyük hissəsindən təcrid olunması ilə nəticələnərək məhkəmənin fəaliyyətini potensial olaraq iflic edəcək. Qeyd edək ki, Tramp administrasiyası daha əvvəl də BCM-ə qarşı bir neçə dəfə sanksiya tətbiq edib. ABŞ Prezidenti Donald Tramp 6 fevral 2025-ci ildə məhkəmənin rəsmilərinə qarşı məhdudiyyətlərin tətbiqini nəzərdə tutan sərəncam imzalayıb. ABŞ hökuməti BCM-i Vaşinqtona və onun müttəfiqlərinə, o cümlədən İsrailə qarşı qanunsuz hərəkətlərdə ittiham edib.
Bəsti Rəfizadə






