Putinə təzyiq var - Rusiya atəşkəsə gedəcək?

Putinə təzyiq var - Rusiya atəşkəsə gedəcək?
Kateqoriya məlum deyil
T

Rusiyalı politoloq və “Rus dünyası” ideoloqu Aleksandr Duqin Rusiya elitasının Ukraynadakı müharibənin dayandırılması üçün Prezident Vladimir Putinə təzyiq göstərdiyini iddia edib.

Duqin sosial şəbəkədə yayımladığı məqaləsində Rusiya rəhbərliyi ilə ölkənin elitası arasında müharibənin davam etdirilməsi məsələsində fikir ayrılığı olduğunu bildirib.

Belə bir açıqlamaya paralel olaraq Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Ömərov "Axios" portalına bildirib ki, Kiyev və Moskva Vaşinqtonun vasitəçiliyi ilə aparılan danışıqlarda ciddi irəliləyiş əldə ediblər.

Maraqlıdır, bu açıqlamalar nəyə işarədir? Rusiya atəşkəs əldə edilməsinə razıdır?

Bu haqda Sfera.az-a açıqlama verən rusiyalı politoloq Boqdan Bezpalko Rusiyanın sülh sazişi ilə bağlı yürütdüyü siyasətin əsaslarını izah edib:

“Rusiya münaqişənin diplomatik yolla həllindən imtina etmir, lakin israr edir ki, sülh sazişinin əsasını təşkil edən şərtlər Rusiya Federasiyası üçün məqbul olsun. Bu şərtlərə Ukrayna üzərində nəzarət, Ukraynanın NATO hərbi-siyasi alyansına qoşulmasından imtina etməsi, Ukrayna ərazisində hərbi bazaların və obyektlərin yerləşdirilməməsi, sanksiyaların ləğvi və yeni ərazilər üzərində Rusiyanın suverenliyinin tanınması daxildir. Söhbət Krımdan, Xerson və Zaporojye vilayətlərindən, həmçinin Donetsk və Luqansk xalq respublikalarından gedir. Bu, minimumun minimumudur. Hələlik nə Amerika Birləşmiş Ştatlarının, nə Avropa İttifaqının, nə də, xüsusilə, Ukraynanın nümayəndələri bu şərtləri və bu həcmdə tələbləri qəbul edirlər. Danışıqlarla paralel olaraq müharibə də davam edir”.

Mövzu ilə bağlı açıqlama verən politoloq Elçin Xalidbəyli Rusiyanın hazırda ağır vəziyyətdə olduğunu deyib:

“Ukraynanın savaşı Rusiya ərazisinə keçirməsi, Rusiyanın dərinliklərinə dağıdıcı zərbələr endirməsi Kremli olduqca ağır bir duruma salıb və indi Kreml bu situasiyadan çıxış yolları axtarır, buna da məcburdur. Son vaxtlar hətta Kremlə yaxın şəxslər açıq şəkildə etiraf edirdilər ki, Ukrayna savaşı Rusiya üçün böyük fəlakətin qapısını açıb və bu prosesin dayandırılması Rusiyanın gələcək taleyinin xilas edilməsi baxımından önəm daşıyır. Düzdür, Rusiyadakı Medvedev kimi daha radikal qanadın tərəfdarları “Rusiya ya böyük olacaq, ya da yox olacaq” açıqlamaları ilə də çıxış edirlər. Yəni Rusiyada bu məsələ ətrafında mövqe ziddiyyətlərinin olduğu da qətiyyən şübhə doğurmur. Ancaq ümumi götürdükdə Rusiyanın iqtisadiyyatı, eyni zamanda hərbi sahəsi faktiki olaraq böyük təzyiqlər altındadır və Kreml mövcud problemləri aradan qaldırmaqda ciddi çətinlik çəkir”.

Ekspertin fikrincə, Rusiya sülhlə razılaşmasa, ölkədaxili deqradasiya prosesi vəziyyəti daha da ağır hala gətirəcək və buna görə də son vaxtlar Rusiyanı təmsil edən rəsmi şəxslər sülh mövzusunu daha tez-tez gündəmə gətirməyə başlayıblar:

“Əvvəllər Zelenskinin adını belə çəkmək istəməyən Rusiya siyasi elitasının təmsilçiləri indi Rusiyanın Ukrayna ilə sülh danışıqlarına hazır olduğunu bəyan edirlər. Təbii ki, bu da Rusiyanın düşdüyü durumu ifadə edir. Böyük ehtimalla, Rusiyanın həm siyasi, həm də iqtisadi elitası savaşın artıq sona çatdırılmasına cəhd göstərir və Putin və yaxın ətrafına təzyiq göstərmiş ola bilər. Bu məsələdə Dugin həqiqəti söyləmiş də ola bilər. Ancaq burada bir önəmli məqam mövcuddur ki, nə Putin, nə də onun yaxın ətrafı siyasi elitanın sözünə və yaxud da təzyiqlərinə əhəmiyyət verəcək düşüncədə və yaxud da mövqedə olan siyasi qüvvədədir. Yəqin ki, bu təzyiqlər olmuş olsa belə, həm Putin, həm də onun yaxın ətrafı buna müqavimət göstərə də bilərdi. Hətta hər kəsin bir təqiblə, təzyiqlə geri çəkilməsinə də nail ola bilərdi.

Ancaq belə anlaşılır ki, Rusiya o qədər ağır vəziyyətə düşüb ki, hazırda sülhə, Ukrayna ilə sülh danışıqlarına geri dönmək məcburiyyətində qalıb. Eyni zamanda, Kreml Rusiyanın Ukrayna ilə sülh danışıqlarına geri dönməsini əsaslandırmaq üçün də məhz siyasi elitanın Prezident Putinə təzyiqləri ilə izah edir, arqumentləşdirməyə çalışır. Yəni Kreml hələ də Rusiyanın ağır durumda olduğunu etiraf etmək istəmir, bunu Duginin dili ilə siyasi elitanın təzyiqlərinə bağlamağa çalışırlar. Və bu da onu göstərir ki, istənilən halda Rusiya artıq əvvəlki Rusiya deyil və Ukrayna savaşı Rusiyanı çöktürəcək həddə çatıb. Kreml də bu çöküş prosesinin qarşısını almaq üçün savaşın dayandırılmasının və bu savaşdan mümkün qədər daha faydalı nəticələrlə çıxmağın yollarını axtarır”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR