“Şöhrət” ordenli deputatlar – SİYAHI

“Şöhrət” ordenli deputatlar – SİYAHI
Kateqoriya məlum deyil
T

Milli Məclisin deputatı Ülvi Quliyev “Şöhrət” ordeni ilə təltif edilib.


Sfera.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sentyabrın 16-da sərəncam imzalayıb.


Beləliklə, Ülvi Quliyev Milli Məclisdə bu dövlət təltifinə sahib olan deputatların siyahısına daxil olub. Bununla da parlamentin 123 üzvündən “Şöhrət” ordeni ilə təltif edilənlərin sayı 37-yə çatıb.


Ülvi Quliyevdən əvvəl “Şöhrət” ordeni alan deputatlar arasında həm hazırda Milli Məclisdə fəaliyyət göstərən, həm də müxtəlif çağırışlarda deputat olmuş şəxslər var.


Hazırkı parlamentin “Şöhrət” ordenli deputatları arasında Ziyafət Əsgərov, Siyavuş Novruzov, Səttar Möhbalıyev, Eldar İbrahimov, Hikmət Babaoğlu, Məlahət İbrahimqızı, Asim Mollazadə, Ziyad Səmədzadə, Əli Əhmədov, Eldar Quliyev, Mixail Zabelin, Musa Quliyev, Hicran Hüseynova, Heydər Əsədov, Ağalar Vəliyev, Anatoli Rafailov, Əhliman Əmiraslanov, Tənzilə Rüstəmxanlı, Fəzail İbrahimli, Məşhur Məmmədov, Musa Qasımlı, Cavanşir Paşazadə, Anar İsgəndərov, Səyyad Aran, Aqil Abbas, Tahir Rzayev, Sabir Hacıyev, Sahib Alıyev, Mübariz Qurbanlı, Arzu Nağıyev, Səməd Seyidov, Əli Məsimli, Cavanşir Feyziyev, Elman Məmmədov, Bəxtiyar Əliyev və İmamverdi İsmayılov yer alır.


Onların arasında ordeni uzun illər əvvəl alan deputatlar da var. Məsələn, Eldar İbrahimov “Şöhrət” ordeninə 2005-ci ildə, Ziyad Səmədzadə 2010-cu ildə, Eldar Quliyev 2011-ci ildə, Aqil Abbas 2013-cü ildə, Ziyafət Əsgərov 2013-cü ildə, Nizami Cəfərov isə 2019-cu ildə layiq görülüb.


Aqil Abbas 2013-cü ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni alıb. Daha sonra, 2023-cü ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə də təltif edilib.


Siyahıda bir sıra deputatlar isə “Şöhrət” ordenindən sonra daha yüksək dövlət ordenləri ilə də təltif olunublar. Məsələn, Eldar İbrahimov 2005-ci ildə “Şöhrət”, 2015-ci ildə “Şərəf”, 2025-ci ildə isə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni alıb. Əhliman Əmiraslanov da “Şöhrət” və “Şərəf” ordenləri ilə yanaşı 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.


Son illərdə bu ordenlə təltif olunan deputatların sayı da artıb. 2024-cü ilin yanvarında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Şöhrət” ordeni ilə təltif olunub. 2024-cü ilin oktyabrında isə Sabir Hacıyev eyni ordenə layiq görülüb. 2026-cı ilin yanvarında Milli Məclisin deputatı Anar İsgəndərov “Şöhrət” ordeni ilə təltif edilib.


Maraqlıdır ki, Ülvi Quliyevdən cəmi bir neçə ay əvvəl, 2026-cı ilin aprelində deputat Hikmət Babaoğlu da “Şöhrət” ordeni ilə təltif olunub. Prezidentin sərəncamında onun da Azərbaycanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə mükafatlandırıldığı qeyd edilib.


Ülvi Quliyev isə bu təltifə 60 illik yubileyi ərəfəsində layiq görülüb. O, Milli Məclisin III, IV, V, VI və VII çağırışlarının deputatıdır. Eyni zamanda Azərbaycan Karate Federasiyasına rəhbərlik edir və karate üzrə dünya və Avropa çempionu olub.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR