Atam azərbaycanlılar haqda deyirdi ki... - Züqanov
Azərbaycan Prezidenti İlham Əliyev atasının Rusiya ilə əlaqələri inkişaf etdirmək siyasətini davam etdirir.
Sfera.az xəbər verir ki, bu barədə Report-a açıqlamasında Rusiya Federasiyası Kommunist Partiyasının (RFKP) lideri Gennadi Züqanov bildirib.
"Atam müharibədən sonra Bakıda hospitalda yatıb və ona çox yaxşı baxıblar. O, uşaqlıqdan mənə azərbaycanlıların çox etibarlı dost olduğunu deyirdi", - G.Züqanov vurğulayıb.
Onun sözlərinə görə, dünyada bir çox açıq və kölgə oyunçular Rusiya və keçmiş sovet ölkələri arasında münasibətlərin korlanmasını istəyir:
"Ona görə də heç nəyə baxmadan dostluğa davam eləmək lazımdır. Mən əlaqələrin inkişafını tam dəstəkləyirəm. Hesab edirəm ki, Heydər Əliyev bunun üçün çox səy göstərib. Prezident İlham Əliyev isə bu mənada atasının siyasətini davam etdirir."
G.Züqanov Azərbaycanda Rusiya mədəniyyəti və ənənələrinin dövlət tərəfindən qorunduğunu, məktəblərdə isə rus dilinin sərbəst şəkildə tədris olunduğunu söyləyib.
Rusiyalı siyasətçi həmçinin Azərbaycanda vitse-prezidentlər institutunun tətbiqinə münasibət bildirib.
"Vitse-prezidentlər institutunu yaratdığınız vaxtlarda Azərbaycandakı inzibati islahatları maraqla izləyirdim. Bakıda Avropa Oyunlarına necə hazırlıq getdiyini görürdüm və bu işə Mehriban Əliyevanın necə böyük töhfə verdiyini bilirəm. O, vəziyyəti çox gözəl bilir, müxtəlif siyasətçilər və ictimai xadimlərlərlə çox asanlıqla və təbii ünsiyyət qurur. Məncə, o, xalqın əsrlər boyunca formalaşmış ən yaxşı ənənələri əsasında milli maraqları uğurla həyata keçirəcək. Mənə bu çətin işdə ona yalnız uğurlar arzulamaq düşür", - RFKP lideri deyib.