Avropa Paşinyana Rusiya ilə bağlı şərt qoydu: Əməl edəcək?

Avropa Paşinyana Rusiya ilə bağlı şərt qoydu: Əməl edəcək?
Kateqoriya məlum deyil
T

Ermənistanın Avropa İttifaqı ilə münasibətlərinin dərinləşməsi fonunda İrəvandan Rusiya vətəndaşları üçün viza rejiminin bərpası tələb edilib.

İddialara görə, bu addım Ermənistan üçün Aİ ilə viza rejiminin sadələşdirilməsi prosesində irəli sürülən şərtlərdən biridir. Eyni zamanda, Qərbin Ermənistanın təhlükəsizlik və idarəetmə strukturlarında da təsir imkanlarını genişləndirməyə çalışdığı bildirilir.

Aİ-nin bu tələbləri Ermənistanın Rusiya ilə münasibətlərində yeni gərginlik yarada bilərmi? İrəvan Qərbə inteqrasiya naminə Moskva ilə əlaqələrini zəiflədəcək?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib ki, son günlər siyasi diskursun müzakirə mövzularından biri yenə də Ermənistan-Rusiya münasibətləridir.

Onun sözlərinə görə, iki ölkə münasibətlərində baş verən proseslərə artıq sadəcə ikitərəfli siyasi gərginlik kimi baxmaq olmaz:

“Daha mühüm amil Ermənistanın gələcəkdə hansı təhlükəsizlik və iqtisadi sistemə sıx inteqrasiya olunacağıdır. Bişkekdə də Ermənistan və Rusiyanın zahiri diplomatik çərçivəsinin arxasında fərqli strateji reallıqlar göründü. Paşinyanın siyasəti bu işdə təmkinli, mərhələlidir. O, Rusiyadan tam qopmaqdan daha çox, Ermənistanın Moskva qarşısında asılılığını azaltmağa və alternativlər yaratmağa yönəlir. Yerevan Rusiya ilə iqtisadi və təhlükəsizlik əlaqələrini qorumaqla yanaşı, Avropa İttifaqı ilə siyasi və institusional yaxınlaşmanı dərinləşdirməyə çalışır. Bu, klassik “Rusiya, yoxsa Qərb?” seçimindən çox, çoxvektorlu xarici siyasət modelinin qurulması cəhdidir. Rusiyaya ilə münasibətdə ölkələrin baxışlarının “sıfırlandığını” görürük. Moskva bunu aydın görür. Lakin hələ də öz aləmində mərkəzdənqaçma meyli kimi dəyərləndirir. Reallıq isə tam başqadır”.

Politoloq qeyd edib ki, Moskva Ermənistanla olan prosesi artıq Ermənistanın daxili seçimi kimi deyil, Rusiyanın Cənubi Qafqazdakı mövqeyinə birbaşa təsir edən geosiyasi dəyişiklik kimi qəbul edir:

“Putin tərəfindən Ermənistanın Aİ istiqamətinin və Gümrüdəki Rusiya hərbi bazasının gələcəyinin gündəmə gətirilməsi bunun göstəricisidir. Məsuliyyəti də Ermənistanın indiki hakimiyyətinin üzərində saxlayır. Qərbin əsas üstünlüyü Ermənistan üçün siyasi və iqtisadi alternativlər yaratmaq imkanındadır. Əsas problem ondan ibarətdir ki, Qərbin siyasi dəstəyi ilə Ermənistanın təhlükəsizlik ehtiyaclarını tam şəkildə əvəz etmək imkanları arasında hələ fərq var. Bu baxımdan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan üçün ayrıca strateji əhəmiyyət daşıyır. Bunu da dilə gətirirlər. Regional kommunikasiyaların açılması və yeni iqtisadi bağlantıların yaranması Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün real imkan yarada bilər”.

“Hazırkı prosesin əsas sualı Ermənistanın Rusiyanı, yoxsa Qərbi seçməsi deyil. Əsas məsələ Ermənistanın öz təhlükəsizlik və iqtisadi sistemində nə qədər müstəqil seçim imkanları yarada bilməsidir. Bu səbəbdən qarşıdakı mərhələdə Rusiya ilə Qərb arasında əsas rəqabət Ermənistanın siyasi kursundan daha çox ölkənin təhlükəsizlik, enerji, nəqliyyat və iqtisadi bağlantıları üzərində təsir imkanları uğrunda gedəcək”, – Ş.Həsənova bildirib.

Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR