Ermənistan Rusiyadan səfirini geri çağırdı - Paşinyanın məqsədi nədir?

Ermənistan Rusiyadan səfirini geri çağırdı - Paşinyanın məqsədi nədir?
Kateqoriya məlum deyil
T

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Rusiyadakı səfiri Qurgen Arsenyanı başqası ilə əvəz etmək niyyətindədir.

Məlumata görə, Nikol Paşinyan onu geri çağırmaq qərarına gəlib və hökumətdəki mənbələr bu qərarın dönməz olduğunu bildirib. Baş nazir Ermənistan-Rusiya münasibətlərindəki gərginlik fonunda bu qərarı verib. Lakin Arsenyanı kimin əvəz edəcəyi bəlli deyil.

Qeyd edək ki, Q.Arsenyan 2024-cü ilin avqust ayında Ermənistanın Rusiyadakı səfiri təyin edilib.

Maraqlıdır, səfirin geri çağırılmasında əsas səbəb nədir? Ermənistan münasibətlərin bərpası üçün yeni uğurlu namizədi necə seçəcək və yeni səfir münasibətlərin bərpasında müsbət rol oynaya biləcəkmi?

Məsələ ilə bağlı sabiq diplomat, Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov Sfera.az-a açıqlama verib.

“Paşinyan başa düşür ki, Rusiyada Ermənistanın daha çevik səfiri olmalıdır” ,– deyə qeyd edən politoloq bunun səbəblərini izah edib:

“Paşinyan hakimiyyətə gələndən üzünü Avropa İttifaqına tutub, dəfələrlə müvafiq bəyanatlarla çıxış edib və hətta parlamentdə də müəyyən sənəd qəbul olunub. Amma Paşinyan başa düşür ki, paralel olaraq Rusiya ilə münasibətlərini də normal səviyyədə saxlamalı və inkişaf etdirməlidir. Çünki Ermənistan Rusiyadan çox asılıdır. Nəqliyyat şəbəkəsi, enerji və digər mallar Rusiya ilə bağlıdır və ticarət dövriyyəsi də kifayət qədər yüksək səviyyədədir”.

Professor burada hərbi amilin də üstünlük təşkil etdiyini bildirib:

“Ermənistanda hərbi baza yerləşir və bu da təzyiq vasitəsi kimi istifadə olunan amillərdən biridir. Ona görə belə bir vəziyyətdə, bir sıra məqamları nəzərə alan, özünü çevik aparan, münasibətləri normal səviyyədə saxlamağa şərait yaradan bir səfirə ehtiyac var. Düşünürəm ki, bu səbəb əsas səbəblərdən biridir. Bu o deməkdir ki, iki ölkə arasında diplomatik münasibətlər bundan sonra da inkişaf edəcək. Çünki Ermənistan Rusiya ilə münasibətlərini yüksək səviyyədə saxlamağa çalışacaq. Amma eyni zamanda başa düşür ki, Avropa İttifaqına üzv olmaq çox mürəkkəb və çoxpilləli bir prosesdir. Bu qurumun üzvü olmaq üçün bir neçə şərtə əməl etməlisən. Və bu da hələ indiyə qədər olan müəmmalı amillərdən biridir”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR