İdarəetmənin unikal coğrafiyası: Prezidentin ziyarət etmədiyi rayon qalmadı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına planlaşdırılan növbəti səfəri, dövlət başçısının ötən 23 illik fəaliyyəti dövründə formalaşdırdığı regional idarəetmə modelinin miqyasını yenidən gündəmə gətirir. 2003-cü ildən 2026-cı ilədək olan tarixi xronologiyanın və səfər statistikasının təhlili göstərir ki, ölkəmizdə dövlət başçısının şəxsən ziyarət etmədiyi, sosial-iqtisadi vəziyyəti ilə yerindəcə tanış olmadığı bircə inzibati ərazi vahidi belə qalmayıb. Bu unikal idarəçilik coğrafiyası sadəcə rəsmi protokollardan ibarət olmayıb, paytaxtla regionlar arasındakı fərqi minimuma endirən, hər bir rayonun daxili potensialını hərəkətə gətirən milli inkişaf strategiyasının əsas hərəkətverici qüvvəsidir.
Sfera.az dövlət başçısının prezidentliyi dövründə Azərbaycanın regionlarına səfərlərinin coğrafiyasına nəzər salmaq və bu səfərlərin ölkə xəritəsində necə geniş yayıldığını müəyyənləşdirmək məqsədilə araşdırma aparıb.
Bu baxımdan 23 illik dövrə nəzər saldıqda səfərlərin coğrafiyasının kifayət qədər geniş olduğu görünür. Ölkənin şimalından cənubuna, qərbindən şərqinə qədər müxtəlif rayonlar dövlət başçısının iş proqramlarında yer alıb. Quba, Qusar, Xaçmaz, Şəki, Qəbələ, Zaqatala, Balakən, Qax, Qazax, Tovuz, Gəncə, Şamaxı, İsmayıllı, Ağsu, Salyan, Neftçala, Lənkəran, Astara, Masallı, Biləsuvar, Sabirabad, Saatlı, Bərdə, Tərtər və digər rayonlarda müxtəlif illərdə Prezidentin iştirakı ilə tədbirlər keçirilib.

Səfərlərin məzmunu da yalnız rəsmi görüşlərlə məhdudlaşmayıb. Dövlət başçısının regionlara səfərləri zamanı yeni məktəb, xəstəxana, idman kompleksi, yol, elektrik yarımstansiyası, qaz və su infrastrukturu, sənaye müəssisələri, kənd təsərrüfatı və turizm obyektlərinin açılışları keçirilib. Bununla yanaşı, Prezident yerli icra strukturlarının və sakinlərin iştirakı ilə görüşlərdə regionların sosial-iqtisadi vəziyyəti, məşğulluq, infrastruktur, sahibkarlıq və digər məsələləri də müzakirə edib.
İlham Əliyevin prezidentliyinin ilk illərindən etibarən regionlara səfərlər dövlət başçısının iş qrafikinin əsas istiqamətlərindən birinə çevrilib. Sonrakı illərdə bu səfərlərin intensivliyi ilə yanaşı, gündəliyi də genişlənib.

Əgər əvvəlki illərdə əsas diqqət regionlarda sosial obyektlərin vəziyyəti, yeni infrastruktur layihələrinin icrası və yerli problemlərlə tanışlığa yönəlirdisə, sonrakı dövrlərdə səfərlərin gündəliyinə sənaye parkları, logistika mərkəzləri, turizm infrastrukturu, kənd təsərrüfatı layihələri, enerji obyektləri və iri investisiya layihələri də daxil olub.
Xüsusilə işğaldan azad edilmiş ərazilərə səfərlər 2020-ci ildən sonra Prezidentin region səfərləri xəritəsində ayrıca mərhələ yaradıb. Qarabağ və Şərqi Zəngəzurda dövlət başçısının iştirakı ilə müxtəlif təməlqoyma və açılış mərasimləri keçirilib, şəhər və kəndlərin yenidən qurulması, yol və enerji infrastrukturunun yaradılması ilə bağlı layihələrə baxış keçirilib.
Beləliklə, 23 illik səfər xəritəsi yalnız coğrafi baxımdan deyil, səfərlərin məzmunu baxımından da dəyişən mənzərəni ortaya qoyur.
Hazırda Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına növbəti səfəri ərəfəsində muxtar respublikanın bu xəritədə xüsusi yeri diqqət çəkir.

Prezident İlham Əliyev müxtəlif illərdə Naxçıvana səfərlərinin sayını özü açıqlayıb. 2018-ci ildə Naxçıvana səfəri zamanı bunun Prezident kimi sayca 14-cü səfəri olduğunu bildirib. Dövlət başçısı həmin çıxışında qeyd edib ki, Naxçıvana ilk dəfə Prezident kimi 2004-cü ilin mayında gəlib və 14 il ərzində muxtar respublikada görülən işləri daim diqqətdə saxlayıb.
Daha sonra, 10 may 2021-ci ildə Naxçıvana səfəri zamanı İlham Əliyev bunun muxtar respublikaya 15-ci səfəri olduğunu bildirib. Həmin səfər çərçivəsində bir sıra sosial-iqtisadi obyektlərin açılışında iştirak edən Prezident Ordubad şəhərində içməli su və kanalizasiya layihəsinin istifadəyə verilməsini də qeyd edib. Onun sözlərinə görə, həmin dövrdə Naxçıvanda qazlaşdırma və elektrik enerjisi ilə təminat 100 faizə çatıb.
2014-cü ildə də Prezidentin Naxçıvana səfəri baş tutub. Həmin səfər zamanı dövlət başçısı muxtar respublikanın rəhbər şəxsləri ilə görüşüb və müxtəlif obyektlərə baş çəkib.
Naxçıvan səfərlərinin diqqətçəkən tərəflərindən biri də onların yalnız muxtar respublikanın daxili inkişafı ilə bağlı məsələlərlə məhdudlaşmamasıdır.

Bunun ən mühüm nümunələrindən biri 25 sentyabr 2023-cü ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri zamanı keçirilən görüşlərdir. Həmin gün Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü keçirilib, iki ölkə arasında bir sıra sənədlər imzalanıb, İğdır–Naxçıvan qaz kəmərinin təməli qoyulub. Bundan başqa, Qars–Naxçıvan dəmir yolu layihəsinə dair niyyət protokolu da imzalanıb.

İğdır–Naxçıvan qaz kəməri layihəsi xüsusilə enerji təhlükəsizliyi baxımından əhəmiyyətli hesab olunur. Prezident İlham Əliyev həmin mərasimdə layihənin Naxçıvanın enerji təminatını daha da şaxələndirəcəyini bildirib. Rəsmi məlumata görə, kəmərin çəkilişi Naxçıvanın qaz təchizatında bir mənbədən asılılığın aradan qaldırılmasına imkan verməlidir. Layihə ilə bağlı anlaşma memorandumu isə 2020-ci il dekabrın 15-də Ankarada imzalanıb.
2023-cü il səfərinin proqramı bununla da yekunlaşmayıb. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak edib, Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi keçirilib və dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.

Bu baxımdan Naxçıvan nümunəsi Prezidentin region səfərlərinin necə dəyişdiyini də göstərir: səfərlər bir tərəfdən yerli sosial-iqtisadi məsələləri əhatə edir, digər tərəfdən isə enerji, nəqliyyat, təhlükəsizlik və regional əməkdaşlıq kimi daha geniş məsələlərin müzakirəsi üçün platformaya çevrilir.
Prezidentin regionlara səfərlərinin arxivinə nəzər saldıqda bir neçə əsas istiqamət xüsusilə diqqət çəkir.
Bunlardan biri sosial infrastrukturun inkişafıdır. Müxtəlif rayonlarda məktəb, uşaq bağçası, xəstəxana, olimpiya idman kompleksləri, mədəniyyət və digər sosial obyektlərin açılışları keçirilib. Digər istiqamət yol-nəqliyyat infrastrukturunun yenilənməsi, rayonlararası yolların və kənd yollarının bərpası olub.

Region səfərlərində iqtisadi məsələlər də mühüm yer tutur. Sənaye müəssisələrinin fəaliyyəti ilə tanışlıq, yeni istehsal sahələrinin açılışı, aqrar layihələrə baxış və sahibkarlarla görüşlər bu proqramların əsas hissələrindən olub.
Turizm potensialı yüksək olan rayonlarda isə hotel, istirahət mərkəzləri, turizm obyektləri və digər infrastruktur layihələri diqqət mərkəzində saxlanılıb. Şəki, Qəbələ, Quba, Qusar, İsmayıllı və digər bölgələrdə bu istiqamətdə müxtəlif layihələr həyata keçirilib.
2020-ci ildən sonra Prezidentin region səfərlərində daha bir mühüm istiqamət formalaşıb. İşğaldan azad edilmiş ərazilərə səfərlər dövlət başçısının proqramında geniş yer almağa başlayıb.
Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və digər ərazilərdə müxtəlif vaxtlarda səfərlər həyata keçirilib. Bu səfərlər zamanı şəhər və kəndlərin baş planları təqdim olunub, yeni yaşayış məhəllərinin, məktəblərin, xəstəxanaların, yolların və digər obyektlərin təməli qoyulub.

Eyni zamanda, hava limanları, magistral yollar və enerji infrastrukturu kimi iri layihələrin istifadəyə verilməsi də bu səfərlərin əsas hissəsini təşkil edib. Beləliklə, işğaldan azad edilmiş ərazilər də Prezidentin 23 illik səfər xəritəsinin mühüm hissəsinə çevrilib.
Ümumilikdə, 2003-2026-cı illəri əhatə edən Prezident səfərlərinin coğrafiyasına nəzər saldıqda Azərbaycanın müxtəlif bölgələrinin dövlət başçısının iş proqramında yer aldığı görünür. Naxçıvandan Qubaya, Lənkərandan Qazaxa, Şəkidən Tərtərə, Şamaxıdan Salyana, Qarabağ və Şərqi Zəngəzurun rayonlarından digər bölgələrə qədər ölkənin geniş coğrafiyası bu səfər xəritəsinə daxil olub. Bu səfərlərin hər birinin konkret gündəliyi və məqsədi olub. Bəzi səfərlərdə əsas diqqət sosial obyektlərin açılışına, bəzilərində iqtisadi və infrastruktur layihələrinə, digərlərində isə təhlükəsizlik, enerji və nəqliyyat məsələlərinə yönəlib. İşğaldan azad edilmiş ərazilərə səfərlərdə isə əsas mövzular sırasında yenidənqurma, məskunlaşma və yeni şəhər-kənd modelinin qurulması dayanıb.
Firuzə Əliyeva


















