Rusiya Əsədi Suriyaya təhvil verəcək?

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd hərbi cinayətlər, qətllər, işgəncə və insanlıq əleyhinə cinayətlərdə ittiham olunaraq qiyabi ölüm cəzasına məhkum edilib.
Sfera.az xəbər verir ki, bu barədə “SANA” agentliyi məlumat yayıb.
Məhkəmənin qərarında Bəşər Əsəd və onun qardaşı Mahirin rəhbərlik etdiyi şəxslər tərəfindən Suriya xalqına qarşı hərbi cinayətlər, qətllər, işgəncələr və insanlıq əleyhinə cinayətlər törədildiyi bildirilib.
Dəməşq Cinayət Məhkəməsi prosesdə iştirak edən yeganə təqsirləndirilən şəxs – Suriya ordusunun keçmiş briqada generalı və Əsədin əmisi oğlu Atef Nəcibi də ölüm cəzasına məhkum edib.
Əsədin həbsinə nə səbəb olub?
Suriya məhkəməsi ötən ilin sentyabrında Bəşər Əsədin həbsinə order verib. Keçmiş prezident 2011-ci ildə Dəraa vilayətində başlayan etirazların zorakılıqla yatırılmasında ittiham olunur. Həmin hadisələr sonradan Suriyada uzunmüddətli vətəndaş müharibəsinə çevrilən prosesin başlanğıcı hesab edilir. 2024-cü ilin dekabrında Bəşər Əsəd hakimiyyətdən devrilib və Suriyanı tərk edərək Moskvaya gedib.
Rusiya Əsədi Suriyaya təhvil verəcək?
Əsədin Rusiyaya qaçmasından sonra onun yeni Suriya hakimiyyətinə təhvil verilməsi məsələsi də gündəmə gəlib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov daha əvvəl bildirib ki, Moskva Əsədi humanitar səbəblərlə qəbul edib və onun ekstradisiyası ilə bağlı məsələ uzun müddətdir gündəmdə deyil. Lavrovun sözlərinə görə, Bəşər Əsəd hazırda Suriyanın siyasi həyatında heç bir rol oynamır. Əsədin Rusiyada qalması məsələsi Rusiya Prezidenti Vladimir Putinlə Suriyanın yeni lideri Əhməd əş-Şaraanın ilk görüşündən sonra da diqqət mərkəzində olub.
Beləliklə, Suriyada yeni hakimiyyət keçmiş prezidentə qarşı ən ağır hüquqi tədbirlərdən birini tətbiq etsə də, Bəşər Əsəd hazırda Rusiyada olduğundan hökmün faktiki icrası məsələsi açıq qalır.
İnci
Sfera.az






