İran Azərbaycanla yeni səhifə açmağa çalışır? - AÇIQLAMA

İran Prezidenti Məsud Pezeşkianın son müharibə zamanı Rusiyadan İrana göstərilən yardımların Azərbaycan ərazisindən keçməklə çatdırıldığını və Azərbaycanın da İrana yardım göndərərək bu prosesə dəstək verdiyini açıqlaması regionda diqqətçəkən siyasi mesaj kimi qiymətləndirilir.
Tehran tərəfindən Azərbaycanın bu prosesdəki rolunun açıq şəkildə etiraf edilməsi iki ölkə arasında münasibətlərdə son dövrlərdə müşahidə olunan dəyişikliklərin fonunda xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın həm coğrafi mövqeyi, həm nəqliyyat və logistika imkanları, həm də regional proseslərdə oynadığı rol İran üçün strateji əhəmiyyət kəsb edir. Xüsusilə mürəkkəb geosiyasi qarşıdurmaların, təhlükəsizlik risklərinin və Tehrana qarşı beynəlxalq təzyiqlərin artdığı bir dövrdə İranın qonşu ölkələrlə münasibətlərini qoruması və regional kommunikasiyalardan istifadə imkanlarını genişləndirməsi daha aktual məsələyə çevrilib.
Bu baxımdan Pezeşkianın Azərbaycanın İrana göstərdiyi dəstəyi xüsusi olaraq qeyd etməsi təkcə təşəkkür xarakterli açıqlama deyil, eyni zamanda Bakının regional əhəmiyyətinin Tehran tərəfindən nəzərə alındığını göstərən siyasi siqnal kimi də qəbul edilə bilər.
Bəs İran Prezidentinin bu açıqlamasının arxasında hansı siyasi mesaj dayanır? Tehran Bakı ilə münasibətlərdə əvvəlki gərginlikləri arxa plana keçirərək yeni səhifə açmağa çalışırmı?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib ki, regional diplomatiyanın önəmi və Azərbaycanın İrana və bütövlükdə sərgilədiyi münasibət fonunda İrandan gələn bu açıqlamalar müsbət dəyərləndirilməlidir. Onun sözlərinə görə, bu, Azərbaycanın regional rolunun etirafıdır:

“Sərhəd təhlükəsizliyi bu gün olduqca önəmlidir. Hətta Avropanın sərhədlərinin kövrəkliyi fonunda bu məsələ daha da aktuallıq qazanıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev də bildirmişdi ki, təhlükəsizlik həm də sərhədlər boyu bizim üçün vacibdir. Söhbət nəqliyyat, bank, sərhəd və logistika imkanlarından kompleks şəkildə gedir. Deməli, Azərbaycanın regional proseslərdə yaratdığı kommunikasiya imkanlarının İran üçün də əhəmiyyət daşıdığı aydın görünür. İrana qarşı təzyiqlərin artdığı şəraitdə Tehran üçün qonşu dövlətlərlə münasibətlərin normal saxlanılması strateji əhəmiyyət kəsb edir. Pezeşkianın çıxışında
Azərbaycanın addımlarının qeyd olunması göstərir ki, İran tam təcrid şəraitində regional əməkdaşlığın alternativsiz olduğunu daha açıq şəkildə görməyə başlayır. Mən deməzdim ki, İran yeni səhifə açır. Daha çox açılan səhifəyə ləkə salmağın lüzumsuz olduğunu dərk etməyə başlayır. Yəni, bunu İranın Azərbaycanla münasibətlərində tamamilə yeni mərhələyə keçid kimi qiymətləndirmək hələ tezdir. Habelə burada mühüm bir məqam odur ki, Tehran Azərbaycanın atdığı konkret addımları açıq şəkildə müsbət qiymətləndirir və bunu geniş ictimaiyyətə çatdırır. Bu, əvvəlki dövrlərdə müşahidə olunan qarşılıqlı etimadsızlıq fonunda müəyyən yumşalma mesajı kimi qəbul edilə bilər”.
Politoloq qeyd edib ki, Azərbaycan regionda münasibətləri dinamik saxlamaq baxımından mühüm aktordur:
“Qarşıdurmadan əməkdaşlığa, qapalı sərhədlərdən açıq kommunikasiyalara keçid olmalıdır. Mürəkkəb kombinasiyaları sadələşdirməyin, əsrlərin düyünlərini açmağın yeganə yolu Azərbaycanın təklif etdiyi regional inteqrasiya və əməkdaşlıqdır. Olduqca mürəkkəb bir durum yaranmışdı. Bu durumda Azərbaycan son dərəcə təmkin nümayiş etdirərək Türkiyə, İran, Ermənistan və İsrail trayektoriyası üzrə doğru qərar qəbul etdirməyə müvəffəq oldusa, deməli, ziddiyyətli məsələlərin arealını genişləndirməməyə nail oldu. İranın təhlükəsizlik, iqtisadiyyat, regional kommunikasiya baxımından kifayət qədər ciddi problemləri var. Region dövlətlərinin də bir-birinə ehtiyacı var. Azərbaycanla həm coğrafi mövqeyi, həm də sərgilədiyi yanaşma baxımından münasibətlər korlanmamalı, tam əksi müsbət saxlanılmalıdır. İran regional əməkdaşlığın və qonşularla konstruktiv münasibətlərin əhəmiyyətini daha açıq şəkildə dərk etməyə başlayır”.
Firuzə Əliyeva
Sfera.az






