ABŞ rəsmisi: İran dondurulmuş aktivlərini geri istəyir

İran ABŞ ilə danışıqlarda ölkənin xaricdə dondurulmuş maliyyə aktivlərinə çıxışın bərpa olunmasını əsas məsələlərdən biri kimi gündəmdə saxlayır.
Sfera.az xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts “Fox News” telekanalına açıqlamasında deyib.
Uoltsun sözlərinə görə, İran tərəfi danışıqlar zamanı əsasən maliyyə məsələlərinə və ABŞ tərəfindən dondurulmuş vəsaitlərin taleyinə diqqət yetirir.
“Hazırda iranlılar maliyyə naziri Skott Bessentdən müdafiə naziri Pit Heqsetdən daha çox qorxurlar. Danışıqlar masasına oturanda puldan danışırlar. Onlar daim nağd vəsaitə və bizim dondurduğumuz aktivlərinə çıxış istəyirlər”, – deyə ABŞ rəsmisi bildirib.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqton və Tehran arasında bütün cəbhələrdə, o cümlədən Livanda döyüşlərin dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalanıb.
Lakin iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı əldə olunan razılaşmanın şərtlərini pozmaqda ittiham edib və İrana qarşı genişmiqyaslı zərbələri yenidən bərpa edib.
İnci
Sfera.az






