30 illik münaqişədən yeni mərhələyə: Əliyevin Vaşinqton uğuru

Düz bir il bundan əvvəl, 2025-ci il avqustun 8-də Azərbaycan hərbi müstəvidə qazandığı qələbəni siyasi platformada da rəsmiləşdirdi.
Dünyanın ən nüfuzlu və güclü dövlətlərindən biri olan ABŞ-nin iştirakı ilə Vaşinqtonda keçirilən görüş Azərbaycanın əldə etdiyi Zəfərin beynəlxalq siyasi müstəvidə təsdiqi baxımından mühüm tarixi hadisə oldu.
Bəs biz Vaşinqton görüşündən nələr əldə etdik?
Əvvəla, 44 günlük müharibədən və 2023-cü ilin antiterror əməliyyatından sonra Azərbaycana qarşı müxtəlif beynəlxalq platformalarda müəyyən təzyiqlər göstərilirdi. Azərbaycan hərbi baxımdan qələbəsini artıq əldə etmişdi. Lakin Vaşinqton görüşü bu qələbənin siyasi və diplomatik müstəvidə də qəbul edilməsinə mühüm zəmin yaratdı. ABŞ kimi böyük bir dövlətin iştirakı ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında formalaşan yeni reallıqlar bir daha təsdiqləndi. Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsləri də Vaşinqton görüşündə öz təsdiqini tapdı. Regional kommunikasiyaların açılması, Zəngəzur dəhlizi və TRIPP layihəsi ilə bağlı əldə olunan razılaşmalar bölgədə yeni nəqliyyat və iqtisadi əməkdaşlıq imkanlarının əsasını qoydu. Azərbaycan bununla Ermənistan qarşısında sülhə aparan real yolu müəyyən etdi.
Ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınması əsasında sülhün əldə olunması üçün artıq başqa alternativ qalmadı. Biz xatırlayırıq ki, Azərbaycan torpaqlarının işğal altında olduğu 30 ilə yaxın dövrdə Ermənistan status-kvonu qoruyub saxlamağa çalışırdı. Azərbaycan torpaqlarının işğalının davam etməsi, mövcud vəziyyətin dəyişdirilməməsi Ermənistanın əsas məqsədi idi. Onlar bu yolla regiondakı vəziyyəti öz xeyirlərinə saxlamağa çalışırdılar. Lakin Azərbaycan 2020-ci ildən 2023-cü ilin sentyabrına qədər həyata keçirdiyi hərbi və diplomatik addımlarla bu status-kvonu dəyişdi, ölkəmizə qarşı olan təzyiqləri və diplomatik təhdidləri zərərsizləşdirdi. Vaşinqton görüşündə əldə olunan razılaşmalar isə formalaşmış yeni reallıqları beynəlxalq səviyyədə bir daha təsdiqlədi. Sülh asanlıqla əldə olunan bir məfhum deyil. Dövlətlər bunun üçün uzun illər mübarizə aparır, ciddi qurbanlar verirlər. Adətən məğlub tərəf daha ağır vəziyyətə düşməmək və yeni itkilərin qarşısını almaq üçün sülhə daha çox maraq göstərir.
Azərbaycan isə tarixdə fərqli bir presedent yaratdı. Qalib dövlət olaraq qısa müddətdə uzun illər düşmən münasibətlərində olduğu Ermənistanı sülhə gətirdi və iki ölkə arasında yeni əməkdaşlıq imkanlarının yaranmasına vəsilə oldu. Təxminən 30 il ərzində diplomatik əlaqələri olmayan, iqtisadi münasibətləri və nəqliyyat kommunikasiyaları tamamilə pozulmuş iki ölkə arasında tranzit, nəqliyyat və iqtisadi əməkdaşlığın yenidən qurulması region üçün böyük əhəmiyyət daşıyır. Bu, gələcəkdə tarixdə xüsusi qeyd olunacaq mühüm addımlardandır. Əlbəttə, Azərbaycanın bugünkü uğurlarının təməli son illərdə deyil, müstəqilliyimizin ilk dövrlərindən etibarən mərhələli şəkildə qoyulub. Lakin 2020-ci ildə başlayan Zəfər yolu bu prosesin həlledici mərhələsinə çevrildi.
2025-ci il avqustun 8-də isə hərbi qələbənin siyasi və diplomatik nəticələri beynəlxalq səviyyədə daha da möhkəmləndirildi. Azərbaycanın uğurları yalnız hərbi qələbə ilə məhdudlaşmır. Ölkəmizin əlverişli coğrafi mövqeyi və həyata keçirdiyi məqsədyönlü siyasət Azərbaycanı mühüm nəqliyyat-tranzit mərkəzinə çevirib. Orta Dəhlizin əhəmiyyəti Azərbaycanın təşəbbüsləri və imkanları hesabına daha da artıb. Mərkəzi Asiya ölkələri ilə əlaqələr genişlənib, strateji və müttəfiqlik münasibətləri möhkəmlənib. Qardaş Türkiyə ilə ən yüksək səviyyədə əlaqələr qurulub və bu münasibətlər Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəldilib. Eyni zamanda, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir.
Bütün təzyiqlərə baxmayaraq, ölkəmiz enerji sahəsində etibarlı tərəfdaş olduğunu nümayiş etdirib. Avropa ölkələrinin liderlərinin Azərbaycana səfərləri və ölkəmizlə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın beynəlxalq mövqeyinin və rolunun göstəricisidir. Azərbaycan bu gün regionda yeni reallıqlar yaradıb. Bu reallıqlar ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə, siyasi və iqtisadi imkanlarının genişlənməsinə şərait yaradıb. İnanırıq ki, bundan sonra da Azərbaycanın yeni uğurlarının şahidi olacağıq. Çünki Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xarici siyasət və diplomatiya sahəsində ardıcıl və məqsədyönlü addımlar atır, milli maraqlarını qətiyyətlə müdafiə edir və regionda dayanıqlı sülh və əməkdaşlığın formalaşmasına mühüm töhfə verir.
Siyasi şərhçi Elmir Səftərov






