Paşinyan Əliyevə zəng etməsindən danışdı

“Bu layihənin reallaşmasına 2025-ci il avqustun 8-də ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda keçirilmiş Ermənistan-Azərbaycan Sülh Sammiti də imkan yaradıb”.
Sfera.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Hrazdanda süni intellekt zavodunun açılışında çıxış edərkən deyib.
“Hamımızı bu hadisə və 8 avqust münasibətilə təbrik edirəm”, - o bildirib.
Paşinyan əlavə edib ki, 2025-ci il avqustun 8-də ABŞ-də Prezident Donald Trampın təşəbbüsü və iştirakı ilə keçirilən Ermənistan-Azərbaycan Sülh Sammiti və onun nəticələri bugünkü hadisənin baş verməsində həlledici əhəmiyyət daşıyır.
Baş nazir bir daha 8 avqustun Ermənistan və Azərbaycan üçün dönüş nöqtəsi olduğunu vurğulayıb.
Paşinyan söyləyib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışaraq, baş verən hadisənin əhəmiyyətini müzakirə ediblər:
“Yeri gəlmişkən, bu gün Azərbaycan Prezidentinə zəng etdim və bugünkü tədbirin əhəmiyyəti barədə danışdıq. Bu, həqiqətən də dönüş nöqtəsidir”.
Nikol Paşinyan əlavə edib ki, yaxın gələcəkdə Ermənistan hökuməti daha bir böyük layihəyə - “Tramp marşrutu”na fokuslanacaq: “Bu layihə Ermənistanın beynəlxalq investisiya xəritəsindəki mövqeyini daha da gücləndirəcək”./teleqraf






