Geri çağırılan səfir Abel Məhərrəmovun oğludur - DOSYE

Prezident İlham Əliyevin Sərəncamı ilə Anar Abel oğlu Məhərrəmov Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Sfera.az xəbər verir ki, Anar Məhərrəmov Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun oğludur.
Qeyd edək ki, Anar Məhərrəmov 2 fevral 1978-ci ildə Bakı şəhərində doğulub. 1994-1998-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr, 1998-2000-ci illərdə magistr təhsili alıb.
2001-2004-cü illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsində də magistr dərəcəsini bitirib. 2017-ci ildə Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrası üzrə professor təhsili alıb. 2004-cü ildə hüquq elmləri namizədi elmi dərəcəsi alıb. 2012-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının dosenti olub.
A.Məhərrəmov 2013-cü ildə hüquq üzrə elmlər doktoru alimlik dərəcəsi alıb.
O, əmək fəaliyyətinə 2000-ci ildə Xarici İşlər Nazirliyində başlayıb. 2000-2006-cı illər ərzində nazirliyin Beynəlxalq hüquq və müqavilələr idarəsində referent, attaşe, üçüncü katib, ikinci katib vəzifələrində işləyib. 2006-2010-cu illərdə Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyində ikinci katib, birinci katib, müşavir vəzifələrində çalışıb. 2010-2013-cü illərdə yenidən Xarici İşlər Nazirliyinə qayıdan Anar Məhərrəmov Hüquq və müqavilələr idarəsində rəis müavini postunun tutub. A.Məhərrəmov 2013-2016-cı illərdə Xarici İşlər Nazirliyinin İkinci Avropa İdarəsinin rəisi işləyib.
2016-cı ilin aprel ayında ölkə başçısının sərəncamı ilə Anar Məhərrəmov Azərbaycan Respublikasının İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib. 2021-ci ilin aprel ayında İspaniyadaç geri çağırılıb.
2021-ci ilin iyul ayında Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bu gün həmin vəzifədən geri çağırılıb./Modern.az






