ABŞ-İran qarşıdurmasında yeni mərhələ: Tehran hansı üsula əl atacaq?

ABŞ ilə İran arasında gərgin münasibətlər yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.
Vaşinqtonun Tehrana qarşı təzyiq siyasətini davam etdirməsi, nüvə proqramı ətrafında fikir ayrılıqlarının dərinləşməsi və son aylarda baş verən hərbi-siyasi hadisələr İran rəhbərliyini yeni yanaşma formalaşdırmağa vadar edib.
Xarici mənbələrin iddiasına görə, Tehran hesab edir ki, indiyədək ABŞ ilə münasibətlərdə nümayiş etdirdiyi nisbətən çevik və güzəştə açıq mövqe gözlənilən nəticəni verməyib. Əksinə, bu yanaşma Vaşinqtonun təzyiqlərini azaltmaq əvəzinə, İranın danışıqlardakı mövqeyini daha da zəiflədib. Mənbələrin məlumatına əsasən, İran rəhbərliyində belə bir qənaət formalaşıb ki, ABŞ ilə mümkün yeni danışıqlara başlamazdan əvvəl ölkənin siyasi, hərbi və iqtisadi təsir imkanları gücləndirilməlidir.
Tehran hesab edir ki, yalnız daha güclü rıçaqlara malik olduğu halda danışıqlar masasında öz şərtlərini irəli sürə və güzəştlərə məcbur edilmədən nəticə əldə edə bilər.
Bəs söhbət hansı təsir rıçaqlarından gedir? İranın yeni strategiyası nədən ibarət olacaq və bu yanaşma ölkəyə gözlədiyi üstünlüyü qazandıra biləcəkmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, əslində, İranın yeni hanısa strategiyası yoxdur. Onun sözlərinə görə, söhbət uzun illər ərzində formalaşmış təsir rıçaqlarından daha təsirli şəkildə istifadə olunmasından gedir:

“Yəni söhbət ilk növbədə hərbi-strateji və geosiyasi təsir rıçaqlarından gedir. İran uzun illərdir raket proqramını və pilotsuz uçuş aparatları texnologiyasını özünün əsas çəkindirmə vasitəsi hesab edib. Tehran son illərdə ballistik raketlərin dəqiqliyinin artırılmasına, uzaqmənzilli PUA-ların istehsalına və hava hücumundan müdafiə imkanlarının genişləndirilməsinə danışıqlar masasında əlini gücləndirməyə hesablanmış addımlar kimi baxıb. İran hesab edir ki, hərbi potensial nə qədər yüksək olarsa, ABŞ və müttəfiqləri hərbi təzyiq variantına bir o qədər ehtiyatla yanaşacaqlar. İndi İran bu istiqamətdə hansısa yeni təsir imkanları əldə etmək istəyirsə bu özündə hərbi arsenalın genişləndirilməsi və hərbi istehsalın artırlmasını ehtiva edə bilər”.
Politoloq qeyd edib ki, digər mühüm rıçaq İranın regional təsir imkanlarıdır:
“Tehran hər zaman Yaxın Şərqdə müxtəlif siyasi və silahlı qruplarla əlaqələrini öz təhlükəsizlik strategiyasının tərkib hissəsi kimi qiymətləndirib. İraq, Livan, Yəmən və digər istiqamətlərdə təsir imkanlarının qorunması üçün proksi qüvvələr yaradıb, onları gücləndirib, silahlandırıb və maliyyələşdirib. İndi də məhz onların aktivləşdirilməsi ilə Vaşinqtonla mümkün danışıqlarda əlavə siyasi üstünlük əldə etməyə cəhd edir. İran rəhbərliyi düşünür ki, regiondakı təsir imkanları nə qədər geniş olsa, ABŞ da İranın maraqlarını nəzərə almağa məcbur qala bilər. Digər mühüm istiqamət təbii ki, nüvə proqramıdır. Rəsmi Tehran nüvə silahı hazırlamaq niyyətində olmadığını bəyan etsə də, uranın zənginləşdirilməsi sahəsində əldə etdiyi texniki imkanları mühüm danışıq aləti kimi saxlayır. İran rəhbərliyi hesab edir ki, nüvə proqramında əldə olunan irəliləyişlər beynəlxalq tərəfləri yeni razılaşma əldə etməyə sövq edə biləcək əsas amillərdən biridir”.
R.Bayramov vurğulayıb ki, bu strategiyada iqtisadi komponent də diqqət çəkir:
“İran Qərbin sanksiyalarının təsirini azaltmaq üçün Çin, Rusiya, Hindistan və digər Asiya dövlətləri ilə iqtisadi əməkdaşlığı daha da genişləndirməyə çalışır. Milli valyutalarla hesablaşmaların artırılması, alternativ maliyyə mexanizmlərinin inkişaf etdirilməsi Tehranın sanksiyalara qarşı davamlılığını artırmağa yönəlib. Məqsəd ABŞ təzyiqlərinin iqtisadi təsirini minimuma endirmək və danışıqlarda daha sərbəst mövqedən çıxış etməkdir. Başqa sözlə Tehran öz siyasi, hərbi və iqtisadi təsir imkanlarını artırmaq, bundan sonra isə danışıqlar masasında daha əlverişli şərtlərlə oturmaq istəyir. İran rəhbərliyinin hesablamasına görə, yalnız güc balansının nisbətən dəyişdiyi şəraitdə aparılan dialoq real nəticələr verə bilər”.
Politoloq nəzərə çatdırıb ki, bu strategiyanın nə dərəcədə uğurlu olacağı özü böyük şübhə altındadır:
“Belə ki, ABŞ-nin davamlı zərbələri İranın öz hərbi potensialını artırmasına, raket və dron istehsalına mane olur, proksi qüvvələr tədricən sıradan çıxarılır və ya zəiflədilir, nüvə obyektləri vurulur və ən nəhayət İrana qarşı faktiki blokada tətbiq edilir ki, bu da idxal və ixrac imkanlarını zəiflədir. Yəni, hərbi potensialın artırılması, nüvə proqramının genişləndirilməsi və yeni iqtisadi müxanizmlərlə Qərbin təsirini azaltmaq imkanları olduqca aşağıdır. Əksinə, İranın bu istiqamətdə addımları ABŞ və onun müttəfiqlərinin yeni sanksiyalar tətbiq etməsinə, diplomatik təcridin güclənməsinə və bölgədə gərginliyin artmasına səbəb ola bilər”.
Firuzə Əliyeva






