Məmmədyarov avropalı deputatların Qarabağla bağlı suallarını cavablandırdı
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, D. MakAlister Azərbaycan prezidenti İlham Əliyevlə keçirdikləri görüşü yüksək qiymətləndirib və faydalı müzakirələrin aparıldığını diqqətə çatdırıb.
E. Məmmədyarov isə Avropa Parlamenti deputatlarının səfərinin və bu kimi dialoqun Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığa töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin hazırkı səviyyəsi və əməkdaşlıq perspektivləri müzakirələr edilib, ölkəmizlə təşkilat arasında strateji tərəfdaşlıq sazişi üzrə rəsmi danışıqlar prosesinin başlanmasına dair geniş fikir mübadiləsi aparılıb.
E. Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, o cümlədən Şimal-Cənub, Şərq-Qərb dəhlizləri barədə məlumat verib, bu layihələrin üstünlüklərindən danışıb. O, həmçinin Cənub Qaz Dəhlizi və onun vacib hissələri ilə TANAP və TAP layihələrinin əhəmiyyətinə diqqət çəkib. Nazir Azərbaycan və Aİ arasında enerji sahəsində uğurlu əməkdaşlığın qurulduğunu qeyd edib və bu xüsusda strateji tərəfdaşlığa dair sənədin imzalandığını yada salıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan E. Məmmədyarov Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasında əks olunduğu kimi həlli uzadılmış münaqişələrə münasibətdə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipi əsasında qeyri-seçimli və vahid mövqedən yanaşılmasının vacibliyini diqqətə çatdırıb. Nazir əlavə edib ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması cəhdləri qəbuledilməzdir.
Görüşün sonunda nazir E. Məmmədyarov nümayəndə heyətinin müxtəlif mövzularda, xüsusən də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlara dair suallarını cavablandırıb.