Oqtay Əsədov İstanbulda: Sammit başladı
Bu gün Türkiyənin İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin dövlət və hökumət başçılarının 25-ci Zirvə toplantısı öz işinə başlayıb.
Sammitdə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov təmsil edir.
Zirvə toplantısını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıb. O bildirib ki, bu təşkilat çərçivəsində əməkdaşlığın güclənməsi və inkişafı üzv dövlətlərin fəaliyyətindən birbaşa asılıdır.
R.T.Ərdoğan qeyd edib ki, QDİƏT toplantılarında aktiv iştirak etmək, əhalinin rifahını yüksəldəcək layihələri həyata keçirmək üzv dövlətlərin birbaşa vəzifəsidir:
"Bununla belə, xalqlarımız arasında əlaqələri inkişaf etdirmədən digər cəhdlərin yetərsiz olduğu aydın görünür. Üzv dövlətlər olaraq fərqli dil və mədəniyyətə, siyasi anlayışlara, iqtisadi səviyyələrə sahib olsaq da, üzv dövlətlərin dərdi və sevinci Qara dəniz coğrafiyasında cəmləşir”.
Qeyd edək ki, zirvə toplantısının sonunda yekun bəyannamənin qəbul edilməsi gözlənilir. Bəyannamədə təşkilatın davamlı inkişaf perspektivləri öz əksini tapacaq.
Xatırladaq ki, QDİƏT 1992-ci il iyunun 25-də İstanbulda Azərbaycan da daxil olmaqla, 11 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə təsis edilib. Hazırda təşkilatda 12 ölkə - Albaniya, Azərbaycan, Türkiyə, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Ukrayna, Ermənistan və Serbiya təmsil olunur. (apa)
Sfera.az