Zelenski Rusiyada vurulan zavoddan danışdı

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Volqoqrad şəhərində yerləşən “Titan-Barrikadı” zavoduna raket hücumu həyata keçirdiklərini açıqlayıb.
Sfera.az xəbər verir ki, Zelenski sosial şəbəkə hesabında Ukraynanın Rusiyadakı hədəflərə qarşı uzaqmənzilli hücumları davam etdirdiyini bildirib.
Ukrayna liderinin sözlərinə görə, “Titan-Barrikadı” zavoduna “FP-5 Flamingo” tipli raketlərlə zərbə endirilib. Hücum nəticəsində zavod ərazisində yanğın baş verdiyi qeyd olunub.
Zelenski bildirib ki, sözügedən müəssisədə artilleriya sistemləri, minaatan qurğuları üçün hissələr və xüsusi hərbi avadanlıqlar istehsal olunur.
“Bu təzyiq hər gün davam edir. Nəticədə bu, ləyaqətli sülhün əldə olunması üçün əsas yaradacaq”, - deyə Zelenski vurğulayıb.
O, həmçinin Rusiyanın Ukrayna şəhərlərinə qarşı hava hücumlarını davam etdirdiyini qeyd edib. Zelenskinin açıqlamasına görə, Rusiya son bir həftə ərzində Ukraynanın 15 bölgəsinə pilotsuz uçuş aparatları, idarə olunan bombalar və raketlərlə zərbələr endirib.
Ukrayna prezidenti hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinin vacib olduğunu bildirib və “Titan-Barrikadı” zavoduna hücuma aid olduğu iddia edilən görüntüləri paylaşıb.
Bundan əvvəl isə Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın gecə saatlarında Ukraynaya 129 PUA ilə hücum etdiyini açıqlayıb. Hücumlar nəticəsində 1 nəfərin öldüyü, 9 nəfərin yaralandığı bildirilib.
Bəsti Rəfizadə
