ABŞ və İran arasında yeni qarşıdurma: Hörmüz boğazında gərginlik artır

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazında Sinqapur bayraqlı ticarət gəmisinə dron hücumuna cavab olaraq İran ərazisində əməliyyat keçirildiyini açıqlayıb.
Sfera.az xəbər verir ki, CENTCOM-un məlumatına görə, iyunun 26-da İranın raket və dron anbarları, eləcə də sahil radar sistemləri hədəfə alınıb. ABŞ tərəfi bildirib ki, məqsəd bölgədə ticarət gəmilərinin təhlükəsiz keçidini təmin etmək və dəniz nəqliyyatına qarşı təhdidləri azaltmaqdır.
Komandanlıq həmçinin ABŞ qüvvələrinin Hörmüz boğazı ətrafında mövcudluğunu davam etdirəcəyini vurğulayıb. Bunun ardınca İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) açıqlama yayaraq ölkənin cənub bölgələrinə edilən hücumlara cavab olaraq ABŞ ordusunun yerləşdiyi mövqelərin vurulduğunu bildirib. Yaranan qarşıdurma Hörmüz boğazında gərginliyi daha da artırıb. Dünyanın əsas enerji nəqliyyat marşrutlarından biri hesab olunan bu ərazidə baş verən hadisələr beynəlxalq bazarlarda da narahatlıq yaradıb.
Bəsti Rəfizadə
