Donald Tramp Dünya Kuboku finalında kubokun təqdimatında iştirak edəcək

FIFA prezidenti Canni İnfantino ABŞ Prezidenti Donald Trampın 19 iyulda Nyu-Cersidə keçiriləcək Dünya Kuboku finalında iştirak edəcəyini açıqlayıb.
Sfera.az xəbər verir ki, İnfantino finaldan sonra keçiriləcək mükafatlandırma mərasimində kubokun qalib komandaya Tramp ilə birlikdə təqdim olunacağını bildirib.
İnfantino ABŞ-də yayımlanan Fox & Friends proqramına açıqlamasında deyib:
“Finalı Prezidentlə birlikdə izləyəcəyik və təbii ki, kuboku qalib komandaya birlikdə təqdim edəcəyik”.
FIFA prezidenti həmçinin Tramp ilə yaxın münasibətlərini qeyd edərək, ötən il Vaşinqtonda keçirilən Dünya Kuboku püşkatma mərasimində ABŞ prezidentinə yeni təsis olunmuş FIFA Sülh Mükafatını təqdim etdiyini xatırladıb.
Trampın kubok mərasimində iştirakı ötən il Nyu-Cersidə keçirilən Klublararası Dünya Kuboku finalında yaşanan hadisələri də yenidən gündəmə gətirib. Həmin qarşılaşmada “Çelsi” finalda PSJ-ni məğlub edərək turnirin qalibi olub. Tramp kuboku komanda kapitanı Ris Ceymsə təqdim etdikdən sonra səhnəni tərk etməyərək futbolçuların bayram anlarına da qoşulub.
Sosial şəbəkələrdə yayılan görüntülər bəzi “Çelsi” futbolçularının təəccübünə səbəb olmuşdu.
Mənsumə
