Alen Simonyanın prezidentliyi sülh prosesinə təsir edəcəkmi? - MÜMKÜN SSENARİ

Alen Simonyanın prezidentliyi sülh prosesinə təsir edəcəkmi? - MÜMKÜN SSENARİ
Kateqoriya məlum deyil
T

Ermənistan KİV-lərinin yayımladığı məlumatlara əsasən, Vaaqn Xaçaturyandan sonra Ermənistan Prezidenti postunu parlamentin hazırkı sədri Alen Simonyan tutacaq.

Xatırladaq ki, Simonyan son zamanlar Azərbaycan parlamenti ilə ikitərəfli əlaqələrin qurulmasında maraqlıdır. Sədr bu yaxınlarda ölkəmizə səfər etmək istədiyini, bu xüsusda Milli Məclisin sədri Sahibə Qafarovadan təklif aldığını da mediaya açıqlamışdı.

Maraqlıdır, Simonyan prezident seçilərsə, hazırkı diplomatik xətti davam etdirməkdə maraqlı olacaqmı? Bu, ikitərəfli münasibətlərə necə təsir edəcək?

Məsələ ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Sfera.az-a açıqlama verib. Onun sözlərinə əsasən, Alen Simonyan prezident olsa belə, bu, formal xarakter daşıyacaq:

“Ermənistanda keçirilən seçkilərdən sonra Paşinyan yeni komanda qurmağa çalışır. Bu prosesdə onun köhnə komandasına daxil olan siyasi fiqurların bəzilərinin yerdəyişməsi ehtimalı da mövcuddur. Məsələ ondadır ki, Ermənistanda hökumət baş nazirlik institutuna əsaslandığı üçün prezident institutu zəifdir. Yəni ali icraedici hakimiyyətin başında baş nazir dayanır. Dolayısı ilə Ermənistan parlamentli respublika hesab olunur. Belə olan halda prezident ümumi şəkildə formal hakimiyyətə malik siyasi fiqura çevrilir. Xaçaturyanın Ermənistan prezidenti olması böhranlı bir vəziyyətdə baş tutmuşdu. Çünki Ermənistanın əvvəlki prezidenti Armen Sarkisyan istefa verdikdən sonra siyasi sistemdə müəyyən balans yarada biləcək bir fiqura ehtiyac yaranmışdı. Ona görə də bu ehtimal mümkün görünə bilər ki, Alen Simonyanın seçki kampaniyası və ondan əvvəlki hakimiyyət dövründə Paşinyanın siyasi komandasının ən əhəmiyyətli fiqurlarından biri olan şəxsin prezident postuna seçilməsi baş tuta bilər. Xaçaturyan sonradan Paşinyanın komandasına müəyyən şərtlər çərçivəsində daxil edilmişdi”.

Deputatın fikrincə, Simonyan prezident seçilərsə, siyasi baxımdan passivləşəcək:

“Nəticə etibarilə Alen Simonyan gənc, enerjili bir fiqurdur və siyasi hazırlığı normaldır, müstəqil fikirlər səsləndirə bilir. Ona görə də onun formal prezidentlik institutuna rəhbərlik etməsi bir növ siyasi proseslərdə passivləşdirilməsi kimi də qəbul edilə bilər. Amma ola bilər ki, məhz Alen Simonyanın passiv mövqedə olması Paşinyanın işinə daha çox yarayır. Buna görə də gözləmək lazımdır ki, hadisələr necə yekunlaşacaq. Məsələ nə olursa-olsun, bizə, əlbəttə ki, sülh tərəfdarları və müqavilənin imzalanmasında maraqlı olan qüvvələr lazımdır”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ