İsrail müdafiə sahəsində ABŞ-dən asılılığı azaltmaq istəyir

İsrail müdafiə sahəsində ABŞ-dən asılılığı azaltmaq və yerli silah istehsalını gücləndirmək niyyətindədir.
Sfera.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu İordan çayının qərb sahilində kursantlarla görüşü zamanı açıqlayıb.
Netanyahu bildirib ki, ABŞ-nin dəstəyini yüksək qiymətləndirsə də, İsrail uzunmüddətli perspektivdə öz hərbi imkanlarını tam şəkildə müstəqil qurmalıdır.
“Mən silah sahəsində müstəqillik istəyirəm. Amerikalı dostlarımızın dəstəyinə böyük hörmətlə yanaşıram, lakin biz asılılıqdan qurtulmalı və öz müstəqil silah istehsalımızı yaratmalıyıq. Öz silahımızı özümüz istehsal etməliyik”,–deyə baş nazir qeyd edib.
İsrail lideri ölkəsinin hazırda İran və onun proksi qüvvələri ilə qarşıdurmada olduğunu vurğulayıb. Onun sözlərinə görə, İsrailin gələcək təhlükəsizliyi bu gündən atılan addımlardan asılıdır.
Netanyahu qeyd edib ki, ölkə nəhəng hərbi güc formalaşdırmaq istiqamətində çalışır.
Xatırladaq ki, İsrail hökuməti daha əvvəl müdafiə sənayesinin inkişafı və yerli istehsal imkanlarının artırılması məqsədilə növbəti 10 il ərzində müdafiə büdcəsinin 350 milyard şekel (təxminən 115 milyard dollar) artırılacağını açıqlayıb.
Bəsti Rəfizadə
Sfera.az
