ABŞ: İranla danışıqlar gecə boyu davam edəcək

ABŞ: İranla danışıqlar gecə boyu davam edəcək
Kateqoriya məlum deyil
T

ABŞ nümayəndə heyəti İsveçrənin Bürgenştok qəsəbəsində ABŞ və İranın iştirakı ilə keçirilən dördtərəfli danışıqların iyunun 22-nə keçən gecə də davam edəcəyini gözləyir.

Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens mətbuata açıqlamasında bildirib.

"Danışıqlar hələ də davam edir və onların gecə boyu davam edəcəyini gözləyirik", – deyə o vurğulayıb.

Məlumata görə, digər amerikalı diplomat da son günlər yayılan məlumatların əksinə olaraq İran nümayəndə heyətinin hələ də İsveçrədə olduğunu və danışıqların davam etdiyini bildirib.

"İranlılar buradadır və danışıqlar davam edir. Biz gecə boyu işləməyi planlaşdırırıq", – diplomat qeyd edib.

Onun sözlərinə görə, məsləhətləşmələr zamanı İranın Hörmüz boğazı ilə bağlı verdiyi bəzi ziddiyyətli siqnallar aydınlaşdırılıb. Tərəflər, həmçinin boğazın beynəlxalq gəmiçilik üçün tam açıq qalmasını təmin edəcək münaqişələrin qarşısının alınması mexanizmlərini və Livanın cənubunda atəşkəs rejiminə əməl olunması məsələsini müzakirə ediblər.

Diplomat əlavə edib ki, hazırkı məsləhətləşmələr gələcəkdə texniki qruplar arasında aparılacaq danışıqlar üçün başlanğıc nöqtəsi olacaq.

Qeyd edək ki, bundan əvvəl "Tasnim" agentliyi mənbəyə istinadən İran nümayəndə heyətinin ABŞ Prezidenti Donald Trampın bəyanatlarından sonra Bürgenştokdakı dördtərəfli danışıqları davam etdirməmək qərarı verdiyini iddia etmişdi.

PAYLAŞ