Qətər və Pakistan razılaşmaların mətnini açıqlayacaq

ABŞ və İran arasında İsveçrənin Bürgenştok qəsəbəsində keçirilən danışıqlarda əldə olunan razılaşmaların mətni Qətər və Pakistan tərəfindən təqdim ediləcək.
Sfera.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
Onun sözlərinə görə, sənəd 18 saat davam edən müzakirələrin yekunlarını əks etdirəcək.
"Razılaşmaların mətni iki vasitəçi - Qətər və Pakistan tərəfindən dərc olunacaq. Sənəddə qeyd etdiyim əsas məqamlar öz əksini tapacaq və o, 18 saat davam edən danışıqlar nəticəsində əldə edilmiş razılaşmaların sənədi kimi təqdim ediləcək", - Bəqayi deyib.
O əlavə edib ki, İran neftinin satışına lisenziyaların verilməsi və ölkənin dondurulmuş aktivlərinin blokdan çıxarılması ABŞ ilə yekun saziş üzrə danışıqlara keçid üçün Tehranın əsas şərtləri olaraq qalır.
