ABŞ-İran razılaşmasının taleyi İsveçrədə müzakirə olunacaq

ABŞ-İran razılaşmasının taleyi İsveçrədə müzakirə olunacaq
Kateqoriya məlum deyil
T

ABŞ və İran arasında uzun sürən danışıqlardan sonra əldə olunan razılaşmanın icrası ilə bağlı yeni addımlar atılır. İran nümayəndə heyəti razılaşma memorandumunun tətbiqi və İsrailin Livandakı hücumlarının dayandırılması məsələlərini müzakirə etmək üçün İsveçrəyə yollanacaq.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib.

Onun sözlərinə görə, yekun saziş üzrə danışıqların başlaması memorandumun beş əsas maddəsinin yerinə yetirilməsindən asılıdır.

“Bu səfərin məqsədi qarşı tərəfin öhdəliklərini yerinə yetirməsini tələb etmək və prosesi izləməkdir. Çünki hər hansı razılaşmanın qiymətləndirilməsində ən vacib meyar onun praktik icrasıdır”, – deyə Bəqayi bildirib.

İran rəsmisi qeyd edib ki, memorandumun 13-cü maddəsinə əsasən yekun saziş üzrə danışıqların başlaması ABŞ-ın üzərinə düşən bir sıra öhdəlikləri yerinə yetirməsindən asılıdır. O bildirib ki, həmin şərtlər hələ tam şəkildə icra edilməyib.

Bəqayi həmçinin vurğulayıb ki, memorandumun ilk maddəsi Livan da daxil olmaqla bütün cəbhələrdə müharibənin dayandırılmasını nəzərdə tutur və bu razılaşmanın əsas sütunlarından biridir.

Onun sözlərinə görə, İran öz öhdəliklərinə sadiq qalsa da ABŞ İsraili Livanda atəşkəsə məcbur etmək öhdəliyini yerinə yetirməyib və bu memorandumun pozulması kimi qiymətləndirilir.

Bəqayi əlavə edib ki, Hörmüz boğazının açılması və dəniz blokadasının aradan qaldırılması istiqamətində müəyyən addımlar atılsa da memorandum bütöv şəkildə dəyərləndirilməlidir.

“Əgər digər tərəf zəruri tədbirləri dərhal görməzsə, bütün razılaşma ciddi problemlə üzləşə bilər”, – deyə o xəbərdarlıq edib.

Qeyd edək ki, İran və ABŞ 14 iyun tarixində Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində 14 maddədən ibarət “İslamabad Memorandumu” adlı razılaşma əldə etdiklərini açıqlayıb. Sənəd müharibənin dayandırılması, Hörmüz boğazının açılması və ABŞ-ın İrana tətbiq etdiyi dəniz blokadasının ləğvi kimi müddəaları əhatə edir.

Mənsumə

Sfera.az

PAYLAŞ